Əhəd Məmmədli: “Fikrimcə, yaxın illərdə bu ölkədə ciddi dəyişikliklər baş verəcək”
“Müxtəlif səpkidə xəbərlər yayılır ki koronavirusdan sonra dünya nizamı dəyişəcək, “Ümumdünya hökuməti” qurulacaq, İtaliya Avropa Birliyindən çıxacaq, Avropa Birliyi dağılacaq və s”.
Bunu “Sherg.az”a açıqlamasında “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib.
Analitik bildirib ki, pandemiyadan sonra dünya nizamında heç bir ciddi dəyişilik olmayacaq:
“İtaliya özbaşına deyil ki, Avropa Birliyindən çıxsın. Məsələn, bir müddət əvvəl Fransa Avropa Ordusu təklifini irəli sürdü, qısa zaman sonra “sarı jiletlərlə” Parisin başına elə oyun açdılar ki, bir daha bu ideyaya qayıtmadı. İtaliya oyun qaydalarını pozmağa çalışarsa, ona bundan betərini edərlər. Hazırda koronavirus neftin düşüşünü kölgədə qoyub. Neftin bir bareli 24 dollara səviyyəsinə enib. Dünya siyasətində proseslərə təsir edən əsas məsələ virus yox, məhz neftin qiymətinin düşməsidir. Dünyada neft böhranı yaşanan kimi dünya nizamı dəyişir. Bunun nümunələri var. XX əsrdə neftin qiymətinin düşməsi SSRİ-nin süqutuna gətirib çıxardı. 2008 neft böhranı "Ərəb baharı" ilə nəticələndi. İndiki neftin ucuzlaşması dünyaya inqlabi dəyişikliklər gətirəcək. Həlqə Rusiya ətrafında sıxılır. Fikrimcə, yaxın illərdə bu ölkədə ciddi dəyişikliklər baş verəcək. Hətta bu dəyişikliklər Rusiya Federasiyasının dağılmasına gətirib çıxara bilər”.
Siyasi şərhçinin fikrincə, aprel ayında “Covid 19” dünya üzrə zəifləmə prosesini yaşayacaq:
“Dünya əvvəlki həyat tərzinə qayıdacaq və səngimiş formada virusla mübarizə aparacaq. Pararel olaraq neft də qalxacaq. Düzdür, bu qalxma neftin bir barelini 110 dollar səviyyəsinə çıxartmayacaq, amma müəyyən yüksəliş olacaq. Onu da nəzərə alaq ki, neftin ucuzlaşması koronavirusun yayılması ilə pararel başlamışdı”.