Yeni növ koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, Koreya Respublikasında əvvəldən planlaşdırıldığı kimi, aprelin 15-də parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 6:00-da 14 min 330 seçki məntəqəsində səsvermə prosesi başlayıb. Mərkəzi Seçki Komissiyası 43,99 milyon vətəndaşın adını seçici siyahısına daxil edib. Saat 9:00-dək seçicilərin 8 faizi, saat 13:00-dək isə təxminən yarısı səsvermə hüququndan istifadə edib.
Səsvermə saat 18:00-dək davam edəcək.
Səsverməyə gələnlərin sağlamlığının təmin olunması üçün seçki məntəqələrinin girişində hər bir seçicinin bədən hərarəti ölçülür, səsvermə qutuları dezinfeksiya edilir. Mərkəzi Seçki Komissiyası seçicilərə səsverməyə gələrkən qoruyucu maska taxmağı, ən azı 1 metr məsafə saxlamağı tövsiyə edib. Bundan başqa, COVID-19 əlamətləri olanlar üçün mobil səsvermə kabinələri təşkil olunub. Pandemiya ilə əlaqədar evində karantində olan və heç bir xəstəlik əlaməti olmayan seçicilərə səsvermə hüququndan istifadə etmək üçün 100 dəqiqə müddətinə evdən çıxmaq icazəsi verilir.
Komissiya karantin yerlərində saxlanılan vətəndaşların, habelə beynəlxalq sularda üzən gəmilərin heyəti və xarici ölkələrdə yaşayanların səsvermədə iştirakının təminatı üçün ötən həftə erkən səsvermə təşkil edib. ABŞ və Avropa ölkələri daxil olmaqla virusa yoluxma hallarının çox olduğu 51 dövlətdəki koreyalıların səsvermədə iştirakı məqsədəuyğun hesab edilməyib. Builki parlament seçkilərinin erkən səsverməsində rekord sayda insan - ümumi seçicilərin 26,69 faizi səsvermə hüququndan istifadə edib.
Parlamentdə 300 yer uğrunda, əsasən, hakim Koreya Demokrat Partiyası və ana müxalif qüvvə olan Birləşmiş Gələcək Partiyası mübarizə aparır. Bəzi partiyalar ya hakim, ya da ana müxalifət partiyası ilə müttəfiq kimi seçkilərə qoşulub.