Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 115 nəfərin həyatına son qoyub. Bu göstərici, virusla bağlı indiyədək qeydə alınan ən çox günlük insan itkisidir. Bununla da, ölkə üzrə dünyasını dəyişənlərin ümumi sayı 1518 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, son vəziyyətlə bağlı Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, aprelin 15-də ölkə üzrə 34 min 90 nəfər üzərində test aparılıb. Onlardan 4 min 281 nəfərdə infeksiya aşkarlanıb. Dünən yoxlanılan hər 8.14 nəfərdən biri xəstə çıxdığı halda, bu gün hər 7.9 nəfərdən biri infeksiya daşıyıcısı kimi müəyyən olunub.
İndiyədək testdən keçirilənlərin ümumi sayı 477 min 716 nəfərə çatıb. Ümumilikdə 69 min 392 nəfər müalicəyə cəlb olunub. Hazırda 1820 nəfər reanimasiyadadır. İndiyə qədər 5674 nəfərin müalicəsi uğurlu olub. Onların 875 nəfəri bu gün evə buraxılıb. Bu da ki, dünənki sağalanlardan 33 nəfər artıqdır.
Türkiyədə infeksiyasının yayılmasının qarşısını almaq üçün görülən tədbirlər sırasında 90 min məhkumun əfv edilməsi də var. Belə ki, Türkiyə Böyük Millət Məclisinin mövcud qanunlara dəyişiklik etməsi əsasında qəbul olunan əfv qərarının icrasına başlanılıb. Ədliyyə naziri Abdulhamit Gülün verdiyi məlumata görə, ümumi rejimli cəzaçəkmə müəssisələrində 17 məhkumda virus aşkarlanıb.
Qeyd edək ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün sərt tədbirlərin biri də həftənin şənbə və bazar günlərini əhatə edən komendant saatının tətbiqidir. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, iki günlük evdən çıxma qadağası aprelin 17-də yerli vaxtla 24.00-dan aprelin 19-u 24.00-dək yenə də Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla 31 vilayəti əhatə edəcək.