“Koronavirus pandemiyası dövlətlərarası münasibətlərdə baxışları dəyişir”
“Dünya yeni bir problemli vəziyyətə köklənibsə, deməli bunda sonra dünyanın siyasi elitasında transformasiyalar qaçılmaz olacaq”
“Ümumiyyətlə dünya müharibəsi yaranıb. Cəmiyyətlərlə görünməyən düşmən arasında mücadilə gedir”
Koronavirus pandemiyası bütün dünyanı cənginə almağa davam edir. Virus dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini və iqtisadiyyatını sınağa çəkir. Məhz bu səbəbdən pandemiyanın nə zaman bitəcəyi hər kəsin marağındadır.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq.
Gündəmdə olan məqamlardan biri də pandemiyadan sonra dünyanın siyasi palitrasında dəyişikliklərin olub-olmamasıdır. Dünya ölkələrinin koronavirus siyasəti fərqlidir. İddialara görə, pandemiyadan sonra çoxqütblü dünya formalaşacaq.
Pandemiyadan sonra dünyanın siyasi palitrasında dəyişikliklərin baş verəcəyi ilə bağlı ehtimalların düzgün olduğunu deyən politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, heç vaxt dünya ölkələri belə təhlükə ilə üzləşməmişdi.
Politoloq qeyd edib ki, qədim əsrlərdə epidemiyalar və virusların tüğyan etməsi kimi hallar olsa da, bu dəfə bütün dünyanın təhlükəli vəziyyətlə mübarizəsinin şahidi oluruq:
“Bütün sahələrdə səngimə var. Əlbəttə ki, belə vəziyyət yeni şərtlər tələb edir və göstərir ki, yaxın zamanlarda insanlar yeni kordinasiya sistemlərinə keçməli olacaqlar. Çünki yavaş-yavaş əyani ünsiyyət formaları sıradan çıxır. Belə bir həssas durumda bir çox sahələrin kifayət qədər çox vəsait tələb etdiyi diqqət çəkir. Ona görə də bəzi məqamları həyatımızdan çıxara bilərik. Çünki onların o qədər də böyük faydası və rasional xidməti yoxdur”.
T.Abbasov bildirib ki, koronavirus pandemiyası dövlətlərarası münasibətlərdə baxışları dəyişir:
“Dünənə qədər Avropa İttifaqı dünyanın ən mükəmməl, təkmil və cəlbedici inteqrasiya modelini xatırladırdısa, koronavirus Aİ-yə elə bir zərbə vurdu ki, onu əhatə edən dövlətlər belə bu zərbəni vura bilməzdilər. Faktiki olaraq həmin birlik parçalanıb və hər dövlət milli sərhədləri çərçivəsində oturub gözləyir ki, vəziyyətin sonu nə ilə bitəcək. Bu proseslər ondan xəbər verir ki, ümumiyyətlə dünya müharibəsi yaranıb. Cəmiyyətlərlə
görünməyən düşmən arasında mücadilə gedir. Ən böyük problem odur ki, düşmənin varlığı mifik məna daşıyır, biz onu əyani şəkildə görmürük, ancaq hansısa simptomlar üzərində müəyyən edib onunla mübarizə aparırıq. Dünya yeni bir problemli vəziyyətə köklənibsə, deməli bunda sonra dünyanın siyasi elitasında yeni dəyişikliklər, transformasiyalar qaçılmaz olacaq. Çünki bəzi ölkələr ümumiyyətlə digər xalqların və qonşu dövlətlərin qeydinə qalmırlar, onların problemlərinə köməklik göstərmirlər. Amma Azərbaycan, Türkiyə kimi dövlətlər tək özü ilə bağlı yox, digər ölkələrlər üçün tədbirlər həyata keçirirlər. Beləliklə, göstəririk ki, ayrı-ayrılıqda yerləşsək də, qlobal bir sistem var. Analoji olaraq bəzi ölkələr özlərini çox qayğılı, bəziləri isə qayğısız apardılar. Ona görə də koronavirusla mübarizə təcrübəsi müəyyən mətləbləri açıqladı və həmin yeni fikirlərdən, ideyalardan yeni yanaşmalar doğacaq”.