Roma Papası Fransisk dünya ictimaiyyətinin diqqətini COVID-19 pandemiyasının səbəb olduğu böhran şəraitində aclıq, silahlı münaqişə və digər ciddi təhlükələr səbəbindən evlərini tərk etməyə məcbur olan daxili mühacirlərin yaşadığı drama yönəldib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, pontifik bu mövzunu Roma-katolik kilsəsinin sentyabr ayının 27-də qeyd edəcəyi Beynəlxalq mühacir və qaçqınlar günü ilə əlaqədar mayın 15-də dərc olunan ənənəvi mesajında qaldırıb.
“Mən bu ismarıcı çox vaxt diqqəti cəlb etməyən və COVID-19 pandemiyasının səbəb olduğu dünya böhranının kəskinləşdirdiyi daxili mühacirlərə həsr etmək qərarına gəldim”, - deyə Papa bildirilir.
Papa Fransiskin sözlərinə görə, hazırkı böhran “sürəti, kəskinliyi və yayılma coğrafiyası ilə milyonlarla insana əziyyət verən bir çox digər humanitar fövqəladə halların yenidən qiymətləndirilməsinə gətirib çıxardı”.
Lakin pandemiya müasir dünyada mövcud olan digər ciddi problemlərin unudulmasına səbəb ola bilməz. Pontifik hər gün KİV-lərdə özləri və ailələri üçün təhlükəsiz və ləyaqətli həyat axtarışı ilə aclıq, müharibə və digər ciddi təhlükələrdən qaçan çox sayda insan barədə məlumat verildiyini xatırladıb.
“Ümumi evimizi qorumaq və onun Allahın ilkin layihəsinə daha çox bənzəməsinə nail olmaq üçün, biz heç kimi kənarda qoymayaraq beynəlxalq əməkdaşlığı, qlobal həmrəyliyi və yerli fədakarlığı təmin etmək öhdəliyini öz üzərimizə götürməliyik”, - deyə pontifik sözlərini yekunlaşdırıb.
Papa Fransisk dəfələrlə beynəlxalq ictimaiyyəti və bütün xoş niyyətli insanları qaçqınlara və mühacirlərə hərtərəfli yardım göstərməyə çağırıb. O, hər zaman Avropaya kütləvi mühacirət axını ətrafında yaranan vəziyyəti “rüsvayçılıq” adlandırıb.
Qeyd edək ki, 2018-ci ildə Roma-katolik kilsəsi əvvəllər katoliklər tərəfindən yanvarın ortalarında qeyd olunan Beynəlxalq mühacir və qaçqınlar gününü sentyabr ayına keçirmək barədə qərar qəbul edib.