Türkiyədə səlahiyyətlərinə xitam verilən 3 deputatdan biri saxlanılıb - YENİLƏNİB


Türkiyədə bu gün deputat səlahiyyətinə xitam verilən 3 nəfərdən biri həbs olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Musa Farisioğulları Ankaraya gedərkən Diyarbəkirdə saxlanılaraq Polis İdarəsinə aparılıb.

***

16:49

Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə qərar Türkiyə Böyük Millət Məclisində elan olunub. Qərarda bildirilib ki, barələrində cinayət işi başlamış həmin deputatlar məhkəmənin qərarı ilə həbsə məhkum ediliblər. Türkiyə Ali Məhkəməsi (Yarğıtay) həbs qərarını qüvvədə saxlayıb. Bununla da həmin deputatların statusları ləğv edilib.

Qərara əsasən, Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat seçilən Enis Berberoğlu, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Leyla Güven və Musa Farisioğullarının səlahiyyətlərinə xitam verilib.