“Çünki belə məsələ Amerikanın şəxsi maraqlarına zərbə vura bilər”
“Amerika rəsmi Anakara olmadan Yaxın Şərqdə, Şimali Afrikada, Şərqi Avropada, Balkanlarda , Qara dəniz və Xəzər dənizi hövzəsində mövqeyini qoruya bilməz”
Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri də Türkiyə-ABŞ münasibətləridir. ABŞ-ın yeni prezidenti Co Bayden seçilər-seçilməz müəyyən istiqamətlərdə addımlar atdı. Güclü siyasi mövqelərə malik olan hər iki ölkə üçün münasibətlər həyati əhəmiyyət daşıyır. Lakin Co Bayden dönəminin ilk mərhələsində Türkiyə ilə əlaqələr o qədər də sıx davam etmir.
Dünən Türkiyənin “Sözcü” nəşri məlumat yayıb. Qardaş ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ı ölkənin daxili işlərinə qarışmamağa və Türkiyə məhkəmələrinin qərarlarını müzakirə etməməyə çağırıb.
O, bildirib ki, Türkiyə hüquqi dövlətdir:
“Biz ABŞ Dövlət Departamentinin Osman Kavalanın (insan haqları müdafiəçisi.red) sərbəst buraxılması tələbinə cavab vermişik. Heç bir dövlət Türkiyə məhkəmələrinə əmr verə bilməz”.
Türkiyə-ABŞ münasibətləri barədə “Sherg.az”la fikirlərini bölüşən siyasi analitik Turab Rzayev vurğulayıb ki, rəsmi Vaşinqtonun digər ölkələrə qarşı demokratiya, insan haqları, həbsdə olan jurnalist və fəalların yaxud məhbuslar üzərindən siyasət fəaliyyətini həyata keçirməsi tez-tez rastlaşdığımız məsələdir. Böyük ehtimal, Türkiyə ilə münasibətlər də belə olacaq:
"Artıq demokratlar ilkin xəbərləri verirlər. Səudiyyə Ərəbistanı ilə Camal Qaşıqçının qətlinə dair yeni müzakirələr açılır. Həmçinin Yəmən bombalanır və insanlar aclıqdan əziyyət çəkir. Bununla bağlı ABŞ Səudiyyə Ərəbistanına qarşı silah embarqosu qoyub. Demokratlar respublikaçılardan fərqlənir. Respublikaçılar hərbi maraqlardan çıxış edir, demokratlar isə insan haqları kimi məsələləri irəli sürürlər. Türkiyəylə qarşılıqlı anlaşana qədər iki ölkə arasında qarşıdurmaları müşahidə edəcəyik. Güman ki, jurnalistlərin, etnik siyasi fəallarla bağlı belə tələblər olacaq. Lakin bu başlanğıcdır, daha sonra ortaq məxrəcə gələcəklər".
T.Rzayev deyib ki, ABŞ Türkiyə olmadan Yaxın Şərqdə, Şimali Afrikada, Şərqi Avropada, Balkanlarda , Qara dəniz və Xəzər dənizi hövzəsində mövqeyini qoruya bilməz:
"Ola bilər ki, Türkiyə ilə razılaşıb onu özlərinə yaxınlaşdırmaq istəyirlər və yaxud da rəsmi Anakaranı belə şəraitə uyğunlaşdırmağa çalışırlar. Türkiyəylə ABŞ arasında daimi təzyiq mümkün deyil, çünki belə məsələ Amerikanın şəxsi maraqlarına zərbə vura bilər”.