“Terrorçuların ABŞ vasitəsilə silahlandırılma faktları ortadadır”
“ABŞ-ın Türkiyəyə tətbiq etmək istədiyi sanksiyalar da mövcuddur”
“Bu mənada hələki ABŞ-la Türkiyəni eyni üfüqdə düşünmək mümkün deyil"
Ötən gün Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu amerikalı yeni həmkarı Entoni Blinkenlə əlaqə saxlayıb. Nazirlər iki ölkə arasında əlaqələr, FETÖ, PKK/PYD mövzusu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələlər - Suriya, Şərqi Aralıq dənizi ilə bağlı müzakirələr aparıblar. Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə əlaqədar açıqlamasından narahatlığını ifadə edib.
Hər iki nazir yaxın gələcəkdə gündəmdə olan mövzuları daha ətraflı şəkildə müzakirə etmək üçün bir daha danışıqlar aparacaqlarını bildiriblər.
Qeyd edək ki, telefon danışığı Ankaranın Vaşinqtonu sərt tənqid etdiyi saatlara təsadüf edib.
ABŞ-Türkiyə münasibətlərini "Sherg.az"a şərh edən politoloq Natiq Miri onların arasındakı münasibətlərdə uyğunsuzluğun bir neçə istiqamətdə olduğunu bildirib:
"Birincisi, ABŞ terrorla mübarizədə sözdə Türkiyəni müdafiə etsə də, əməli olaraq PKK terror qruplaşmasını dəstəkləyən ən güclü ölkədir. PKK-nın Suriya qolu olan YPG və PYD qüvvələrini silahlandırıb. Türkiyənin sərhədləri boyunca Aralıq dənizinə çıxış istiqamətində terror korridoru yaratmaq planının olduğu sirr deyil. Əsas geosiyasi amil olaraq ABŞ çıxış edir. Əlbəttə ki, bu Türkiyənin təhlükəsizliyinə ciddi mənada təhdiddir.
2016-cı ildə Türkiyədə FETÖ-nun “əli” ilə hərbi çevrilişə cəhd oldu. Türkiyə məsələnin arxasında ABŞ xüsusi xidmət orqanlarının mərkəzi kəşfiyyat idarəsinin dayandığını faktlarla sübut edib.
Bu gün Aralıq dənizinin şərq hissəsində, Kipr məsələsində də ABŞ, NATO –da müttəfiq olan Türkiyəni müdafiə etmir. Bu məsələdə Yunanıstana və yunan kiprinə dəstəklər verməklə Türkiyəyə qarşı olduğunu ortaya qoyur. Təkcə bununla bitmir. Yeni prezident Co Bayden həmçinin Türkiyə qoşunlarının Liviyada olmasını istəmir. Bir çox məsələlər var ki, hələ də qarşılıqlı anlaşılmayıb".
Politoloq əlavə edib ki, Bayden hakimiyyətə gələndən sonra PKK terroru həm İraqla, həm də Suriya ilə sərhəddə yenidən aktivləşib:
" Terror hadisələrinin intensivləşməsi PKK və YPG terrorçularının iradəsilə baş verməyib. Suriyada, İraqda yerləşən terrorçuların ABŞ vasitəsilə silahlandırılma faktları ortada var. Bu da münasibətlərin normal məcraya düşməsinə imkan vermir. Co Baydenin xarici siyasətdə hansı addımları atacağı qeyri-müəyyəndir. ABŞ-ın Türkiyəyə tətbiq etmək istədiyi sanksiyalar da mövcuddur. Bu yöndə hələki ABŞ-la Türkiyəni eyni üfüqdə düşünmək mümkün deyil".