Rusiyaya qarşı koalisiya!- Proses gizli gedir, Ağ Ev boş durmur” – Plan pozulur?!

“Qərb  Rusiyaya qarşı hazırkı sankisayaları davam etdirsə və  Ukraynaya silah-sursatla yardım etsə, rəsmi Moskvaya qarşı  koalisiya yaranacaq”

 “Hesab edirəm ki, hazırda Rusiyanın Ukraynanı işğal etmək prosesi ya ləngiyəcək, ya da müəyyən mənada aradan qaldırılacaq”


Ukrayna prezidenti Volodimir Zelenski dünya liderləri ilə Rusiyanın işğalına qarşı koalisiyanın yaradılmasını müzakirə edib.Bu haqda V.Zelenski tviterdə yazıb: “Biz anti-Putin koalisiyasını qururuq. Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Avstriyanın kansleri Karl Nehammer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla konkret sanksiyalar və ordumuza konkret yardım haqqında müzakirələr aparmışam.Biz qətiyyətli addım gözləyirik”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov Ukrayna dövlət başçısının bu açıqlamasını “sherg.az”a şərh edib:

 “Zelenski çıxışında Ukraynanın Rusiya ilə mübarizədə yalnız buraxıldığını qeyd etdi. O, 27 NATO dövlətinin rəhbərləri ilə telefon danışığı aparıb. Onların hər biri Ukraynanın yanında olduğunu desə də, hansı dəstəyi verə biləcəyini konkret açıqlamayıb. Doğrudur Rusiya ilə rəsmi Kiyevin hərbi gücünü eyniləşdirmək olmaz. Rusiya bu cəhətdən Ukraynadan öndədir. Amma bu o demək deyil ki, rəsmi Moskva istədiyi bütün addımları atıb Ukraynanı işğal edəcək”.

Ekspert diqqətə çatdırıb ki,hazırda dünya liderləri Rusiyaya qarşı koalisiyanı açıq şəkildə dəstəkləməsələr də, gizlində bu proses gedir:

 “Yayılan məlumatlara görə, artıq rəsmi Moskvaya məxsus 20-dən çox hərbi təyyarə, 10-a yaxın helikopter vurulub, 50-dən çox döyüş textikası sıradan çıxarılıb,800-dən rus hərbçi öldürülüb. Bu 2014-cü illə müqayisədə indi Ukraynaya daha çox dəstək verildiyini göstərir. Amerika Rusiya ilə savaşa girməyəcəyini və  Ukraynaya yardım etməyəciyini bildirsə də, o boş durmayacaq. İndi Ağ ev Ruminiyadan və Polşadan Ukraynaya silah keçirilməsini təmin edə bilər”. 

S.Hümbətov anti-Putin koalisiyası məsələsində Türkiyənin mövqeyinə diqqət çəkib: 

“Rəsmi Ankara açıq şəkildə Rusiyanın Donbas və Luqansk regionlarının  müstəqilliyini  tanımasına etirazını  bildirdi. Amma  bununla yanaşı rəsmi Ankara  Rusiya ilə əlaqələrini də qorumağa çalışır.  İndi  Türkiyənin yeganə istəyi  Rusiyanın bu işğalçı siyasətini dayandırmasıdır”.  

S.Hümbətovun fikrincə, Qərb  Rusiyaya qarşı hazırkı sankisayaları davam etdirsə və  Ukraynaya silah-sursatla yardım etsə, rəsmi Moskvaya qarşı  koalisiya yaranacaq:

 “Hesab edirəm ki, hazırda Rusiyanın Ukraynanı işğal etmək prosesi ya ləngiyəcək, ya da müəyyən mənada aradan qaldırılacaq”.