Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY

Bundan sonra da İrandan və Rusiyadan açıq təhdid və təxribatların baş verməsi mümkün görünür

"Rusiya və İran Azərbaycana qarşı qonşuluq prinsiplərinə zidd siyasət həyata keçirir".

Bu barədə “Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.  
Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra, "Altılıq platforması" irəli sürərək region ölkələri ilə siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu ortaya qoyduğunu xatırladan siyasi ekspert deyib ki, rəsmi Bakı həm Moskva, həm də Tehranla çalışdı ki, problem olmasın: 
“Hər iki qonşu ölkə isə Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi apardı. İranda Azərbaycan səfirliyinə qarşı terror aktı və AZAL təyyarəsinin Rusiyada vurulmasında hər iki ölkənin rəsmi nümayəndələri məsuliyyət daşıyır. 30 il ərzində formalaşmış balans siyasətinin yeni siyasi nizam fonunda müsbət nəticə verməsi çətin olacaq. Bundan sonra da İrandan və Rusiyadan açıq təhdid və təxribatların baş verməsi mümkün görünür. Ona görə də Azərbaycan Qərblə münasibətləri normallaşdırmalı və D.Tramp administrasiyası ilə əməkdaşlığın inkişaf etdirilməsinə getməlidir. Həmçinin Avropa İttifaqı ilə problemlərin aradan qaldırılması üçün müvafiq işlərin  görülməsinə ehtiyac var”. 

M.Əsədullazadənin sözlərinə görə, rəsmi Bakı ABŞ və Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirərsə, Moskva Tehranın təzyiqlərini neytrallaşdıra biləcək:
 “Regional şərtlər sürətlə dəyişir və Azərbaycan strateji müttəfiqlərinin sayını artırmalıdır. Düzdür, Rusiya ilə müttəfiq üzrə Moskva" Bəyannaməsi var. Amma Rusiya özü bu Bəyannaməyə zidd siyasət aparır. Azərbaycanda Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamalıdır. Növbəti mərhələdə bunu Vaşinqtonla da imzalaya bilər”.