Yaponiya növbəti raket sınağına görə Şimali Koreyaya etirazını bildirib


Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumat görə fevralın 27-də Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

AZƏRTAC xəbər verir ki, raketin dənizə düşdüyü bildirilir. Yaponiya sahil mühafizəsi xidməti gəmilərə qarşılaşdıqları təqdirdə raketin parçalarına yaxınlaşmamağı tövsiyə edib. Yaponiya hökuməti yanında sınaqla bağlı məlumatların toplanması üzrə xüsusi qərargahın yaradıldığı qeyd edilir.

Şimali Koreyanın növbəti raket sınağı barədə məlumatı Cənubi Koreyanın qərargah rəisləri komitəsi də təsdiq edib.

Raketin yerli vaxtla səhər saat 7:52 dəqiqədə Pxenyanın Sunan rayonundan buraxıldığı bildirilir.

Yaponiyanın müdafiə naziri Nobuo Kişi raketin 300 kilometr məsafə qət edərək dənizə düşdüyünü bəyan edib.

“Bu gün səhər Şimali Koreya Pxenyan rayonundan Yapon dənizi istiqamətində ballistik raket buraxıb. Təqribən 300 kilometr məsafəni qət edən raket 600 kilometr hündürlükdə uçub”, - deyə bildirən nazir bu zaman dənizdə və havada olan gəmilərə heç bir ziyan dəymədiyini də qeyd edib.

N.Kişi Yaponiya hökumətinin raket sınağına görə Şimali Koreyaya diplomatik kanallar vasitəsilə etirazını bildirdiyini də deyib.

Qeyd edək ki, bu, cari ildə Şimali Koreyanın həyata keçirdiyi sayca səkkizinci raket sınağıdır.