Daha bir qurum Putinə qarşı sanksiya tətbiq etdi


Daha bir beynəlxalq idman federasiyası Rusiyaya qarşı sərt qərarlar çıxarıb.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) 2014-cü ildə Rusiya prezidenti Vladimir Putinə verdiyi FINA ordenini geri götürdüyünü elan edib.

Bundan başqa, Rusiya və ya Belarusdan olan idmançıların və ya su idmanı rəsmisinin Rusiya və ya Belarus adı altında iştirakına icazə verilməyəcək. Rusiya və ya Belarus vətəndaşları, istər fərdi, istərsə də komanda şəklində yalnız neytral idmançı və ya neytral komanda kimi qəbul ediləcək. Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya tətbiq etdiyi sanksiyaların bir hissəsi olmayan beynəlxalq su idman yarışlarında heç bir Rusiya milli simvolu, rəng, bayraq nümayiş etdirilməyəcək və himni səsləndirilməyəcək.

Qeyd edək ki, daha əvvəl 23-28 avqust tarixlərində Rusiyanın Kazan şəhərində keçirilməli olan VIII yeniyetmələrin dünya çempionatı ləğv olunub və bu il baş tutmayacağı açıqlanıb. Bundan başqa, martın 8-də baş tutmalı kişi su polosu üzrə Dünya Liqası oyununun (Rusiya – Yunanıstan) Sankt-Peterburqda keçirilməyəcəyi elan edilib. 8-10 aprel tarixlərində Kazanda keçirilməli olan sinxron üzgüçülük və suya tullanma üzrə Dünya Seriyası yarışı isə ləğv olunub.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Cüdo Federasiyası (IJF) və Ümumdünya Taekvondosu (WT) Vladimir Putinə qarşı oxşar addım atıb. IJF Putini fəxri prezident və səfir statusundan məhrum edib. WT isə Putinə verdiyi 7-ci dan qara kəməri geri götürdüyünü açıqlayıb.