Rusiyalı iş adamları Arkadi Voloj və Oleq Tinkov Ukraynadakı müharibə ilə əlaqədar birjalardakı çöküş fonunda dollar milyarderləri statusundan məhrum olublar.
Bu barədə “Forbes” məlumat yayıb.
“Yandex”-in həmtəsisçisi və baş direktoru Arkadi Voloj son üç ayda 2 milyard dollar itirib, indi onun sərvəti 580 milyon dollar həcmində qiymətləndirilir. Oleq Tinkov isə bir aydan az müddətdə 5 milyard dollarından olub.
Rusiya prezidenti Vladimir Putinin Ukraynada hərbi əməliyyat elan etdiyi fevralın 24-dən bəri “Yandex”-in səhmləri 60%-dən çox ucuzlaşıb. “Forbes”-in məlumatına görə, Voloj özü həmin gün 400 milyon dollar itirib. Sonra Nyu-York Fond Birjası (NYSE) və NASDAQ Rusiya səhmlərinin, o cümlədən “Yandex”-in ticarətini dayandırıb.
“Tinkoff Bank”-ın sahibi olan “TCS Group”-un səhmləri Rusiyanın Ukraynada müharibə başlayandan bəri London birjasında 90%-dən çox ucuzlaşıb.
2021-ci ildə Voloj 2,3 milyard dollarla Rusiyanın “Forbes” siyahısında 64-cü, Tinkov 4,7 milyard dollar sərvəti ilə 32-ci yerdə qərarlaşıb.
Martın 2-də “Match TV” telekanalı “LUKOIL” şirkətinin milyarder səhmdarı və “Spartak” futbol klubunun sahibi Leonid Fedunun müharibə başlayandan sərvətinin 80%-ni itirdiyini bildirib. “Forbes”-in 2021-ci ilin sonunda Rusiyanın ən varlı iş adamları reytinqində Fedun 11,1 milyard dollar sərvəti ilə 16-cı yeri tutub.
“Bloomberg” agentliyinin məlumatına görə, Ukraynada müharibənin başlanması ilə əlaqədar 2022-ci ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi itkiləri 84 milyard dollar təşkil edib. Qeyd olunur ki, hərbi əməliyyatın başladığı gün - yalnız fevralın 24-də rusiyalı iş adamları 39 milyard dollar itki verib.