Rusiyada dollar qıtlığı artır

Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir

"Regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb"

“Qərbin sanksiyalarından sonra rəsmi Moskva bütün vasitələrlə ölkədən valyuta axınının qarşısını almağa çalışır”. Bu barədə “Şərq”ə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, bununla belə Moskva birjasının artıq 4-cü gündür bağlı qalması Rusiya Mərkəzi Bankının sanksiyaların təsirlərinin azaldılması üçün hələlik strategiyasını tam müəyyənləşdirmədiyindən xəbər verir: 

“Moskva birjanın fəaliyyətinin bərpasının rublun rəsmi məzənnəsinin daha da ucuzlaşmasına və səhm bazarında ciddi silkələnməsinə səbəb olacağından ehtiyatlanır. Reallıqda isə rəsmi məzənnəyə rəğmən rublun "qara bazar"da daha çox dəyərsizləşməsi müşahidə olunur. Müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq. 

Bu gün “Reuters” agentliyi Rusiya Mərkəzi Bankının xarici valyuta alışına 30 faizlik komissiya haqqı tətbiq etməsi barədə xəbər yayıb. Agentlik requlatorun banklara bu barədə məktub göndərdiyini bildirib. Bununla, Mərkəzi Bank Rusiyada dollara olan tələbi müəyyən qədər azaltmağa çalışsa da, digər tərəfdən artıq "qara bazar"da rubl xarici valyutalara qarşı daha da ucuzlaşır. Dünəndən isə Rusiyada nağd formada 10 min dollardan artıq valyuta çıxarmaq qadağan edilib. Sanksiyaların güclənəcəyi halda bu rəqəm daha da kiçilə bilər. Görünən odur ki, Rusiya hökuməti indiki halda inzibati metodlar ilə ölkədən valyuta çıxışını minimumlaşdırmağa çalışır”.

Parlament üzvünün sözlərinə görə, Rusiyada müşahidə edilən valyuta qıtlığı və dollara artan tələb fonunda Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir: “3 milyard dollara yaxın xarici ticarət dövriyyəmiz olan Rusiyaya illik ixracatımız 800 milyon dollardır. Əvvəlki illərdə fermerlər və eləcə də bir sıra sahibkarlar rubl ilə ödənişlərə üstünlük verirdilər. Daha sonra o vəsaitləri dollara konvertasiya edirdilər. Rusiyada dollar qıtlığının dərinləşməsi riskləri yüksək olduğu üçün Mərkəzi Bank requlativ mövqeyindən istifadə edərək ölkədən dollar çıxışının optimallaşdırılmasını daha da tənzimləməlidir. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox dolların daxil olmasına imkan yaratsa belə regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb”.