"Üçüncü dünya müharibəsi riski artır"

Ukraynada müharibə uzanarsa Rusiya-NATO toqquşması reallaşacaq

“Xaricdən 16 mindən çox könüllü döyüşmək üçün Ukraynaya gəlib”. Bunu Ukrayna Prezidenti V.Zelenski xalqa müraciətində deyib. O bildirib ki, dost ölkələrin köməyi davam edir, silah dəstəyi artır: “Müdafiəmizin bütün xətlərinin təhlükəsizliyi təmin olunub. Ruslar narahat olub. Odessa şəhərini məhv etmək istəyirlər. Amma Qara dənizin ancaq dibini görəcəklər”. Onun sözlərinə görə, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq Ukraynaya gəlib. Zelenski həmçinin Rusiyanın taktika dəyişdirdiyini vurğulayıb: “Qarşı tərəf şəhərlərimizə ancaq raket atır. Bu, şəhərlərimizə heç nə edə bilmədiklərinin göstəricisidir”.

“Ukraynalıların təslim olacağını düşünənlər heç nə bilmirlər”

Ukrayna prezidenti bəyan edib ki, ukraynalıların təslim olacağını düşünənlər heç nə bilmirlər: “Ukraynalıların sınmış şəkildə təslim olacağını düşünənlər yanılırlar. Bizi dəfələrlə məhv etmək istəyiblər. Bacarmayıblar. Biz neçə belə çətinlikləri dəf etmişik. Ukraynalıların qorxaraq, sınmış şəkildə təslim olacaqlarını düşünənlər Ukrayna haqqında heç nə bilmirlər. Onların Ukraynada görə biləcəyi bir iş yoxdur. Evinə get. Dünyada deyil, öz ölkəndə, Rusiyada rusdilli insanları qoru”.

Ukraynanı bir milyon insan tərk etdi

Rusiya ordusunun Ukraynada başlatdığı hərbi əməliyyatdan sonra ölkəni bir milyon insan tərk edib. BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi tvitter səhifəsində yazıb ki, cəmi yeddi gün ərzində bir milyon qaçqının Ukraynadan qonşu ölkələrə getməsi ciddi fəlakətdir: “Müharibə dayanmalıdır”.  

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib ki, çaxnaşma içində olan Moskva indi sanksiya meydançası üçün həll yolları axtarmağa başlayıb. Nazirin məlumatına görə, söhbət Rusiyaya potensial olaraq kömək edə biləcək üç ölkədən gedir: “O, dünyada üç ölkə tapmağı bacardı. Biz bu ölkələrin hansılar olduğunu bilirik və onlarla işləməyə hazırıq. Biz digər tərəfdaşlarla da danışıqlar aparacağıq ki, onların təcavüzkara yardım etməsinin qarşısı alınsın”. 

“Rusiya xüsusi əməliyyatı davam etdirəcək”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin Moskva təhlükə yaradan infrastrukturun və silahların məhv edilməsi əməliyyatını davam etdirəcək: “Biz Ukraynada Rusiyanın təhlükəsizliyini təhdid edən infrastrukturu təhlükəli vəziyyətdə saxlaya bilmərik”. 

"Rusları sərhədə doğru qovuruq"

Ukrayna Milli Qvardiyasının rəsmisi Xariton Starski deyib ki, Kiyevin yaxınlığındakı İvankova, Borodyanki və Kozaroviç rayonlarında döyüşlər davam edir: “Hava Hücumundan Müdafiə Qüvvələri Müdafiə Nazirliyinin yerləşdiyi rayonu atəşə tutmaq istəyən iki təyyarə vurub. Rus ordusu İvankovonu tutmağa cəhd edib. Ancaq hazırda həmin ərazidə düşmənin yalnız yanmış texnikalarını görmək olar. Hazırda İvankovada Ukrayna ordusu rusları Rusiyaya tərəf qovur”.

“Sanksiyalardan dünya iqtisadiyyatı əziyyət çəkəcək”

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, dünya iqtisadiyyatı Qərbin antiRusiya sanksiyalarından əziyyət çəkəcək, ona görə də nə vaxtsa onlardan imtina etmək lazım gələcək: “Rusiya ətrafında vəziyyəti sərtləşdirsəniz, bu şərtlər altında dünya iqtisadiyyatı, qlobal iqtisadi proseslər zərər görəcək. Müəyyən müddətə səs-küy və sərt tədbirlər görmək olar, lakin sonra bu tədbirlərdən uzaqlaşmaq lazım olacaq. Çünki bu, baha başa gələcək”. 

Böyük Britaniyanın XİN başçısı Liz Trass vurğulayıb ki, Böyük Britaniyanın Baltikyanı müttəfiqlərinə sadiqliyi sarsılmazdır: “Biz Ukraynaya özünü müdafiə etməkdə, NATO-nun şərq cinahını gücləndirməkdə və Avropanın təhlükəsizliyini dəstəkləməkdə kömək edirik”. 
Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen də deyib ki, Ukraynada hərbi əməliyyatlar dayandırılmalıdır: “Biz Ukraynaya sarsılmaz dəstəyimizi ifadə edirik. Rusiyaya sərt sanksiyalarla cavab veririk. Məqsədimiz Kremlin qonşusu ilə müharibə aparmaq imkanlarını azaltmaqdır”. 

Politoloq Elxan Şahinoğlu düşünür ki, Ukraynada müharibə uzanarsa Rusiya-NATO toqquşması ehtimalı artacaq. Onun sözlərinə görə, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar: 

“Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrin vətəndaşları da var. İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər. Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır. Əsas sual budur: Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika Blokunun reaksiyası necə olacaq? Bu, Moskvanın özünü necə aparacağından asılıdır. Rusiya üzr istəyərsə, gərginlikdən qurtulmaq mümkündür. 

Yox əgər Rusiya vurduğu hərbi gəmi və hərbi təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan üçüncü dünya müharibəsi riski artacaq”.