“Zelenski Ərdoğanın müdrikliyinə güvənir”

Zelenski xarici jurnalistlərə açıqlamasında Ərdoğanla yaxın münasibətlərinin olduğunu vurğulayıb. O, Türkiyənin Ukraynaya əhəmiyyətli dəstək verdiyini bildirib:"Çox yaxşı münasibətlərimiz var. Oradan pilotsuz təyyarələr alınıb. Bu, böyük köməkdir. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Rusiya Prezidenti müharibəni bitirməyin vacibliyini başa düşsün”.

Zelenski qeyd edib ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək:

"Dünya liderlərinin çoxunda belə bir imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə bir fürsət var. Ərdoğan çox güclüdür, çox ciddi prezidentdir və bizə kömək edir. Düşünürəm ki, Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarını təqdim edən ölkələrdən biri olacaq”.


Türkiyə-Ukrayna münasibətlərinin inkişafı ilə bağlı "Sherg.az"a danışan millət vəkili Asim Mollazadə bildirib ki, Zelenski Ərdoğanın müdrikliyinə güvənir:

“Türkiyə Ukraynaya humanitar yardım edərək iki dövlət arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. 

Həmçinin rəsmi Ankara Kiyevi də, Moskvanı da danışıqlar masasına çağırır. Türkiyə hərbi əməliyyatların dayandırılmasını tələb edərək Ukraynaya dəstəyini nümayiş etdirdi. 

Qardaş ölkəmiz hər zaman səmimi mövqe sərgiləyir. Yerinə yetirə bilməyəcəyi vədlər verməyib.

 Elə dövlətlər var ki, onlar yalançı vədlər verirlər. Heç vaxt da yerinə yetirmirlər. Azərbaycanla Türkiyə belə dövlətlərdən deyil. Bu səbəbdən Ərdoğanın vasitəçilik etməklə bağlı çağırışlarına Kiyevdən müsbət reaksiya gəlir”. 

Xanlar ƏLİBƏY