Putinin müharibənin başa çatması üçün altı tələbi: Dördü razılaşdırılsa, liderlər görüşə bilər


“Prezident Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və Vladimir Putinlə aparılan danışıqlarda müharibənin sonlandırılmasına dair təklifini və iki lideri Türkiyədə bir araya gətirmək təklifini çatdırıb. Cənab V.Zelenski buna hazırdır. Cənab Putin isə hələlik mövqelərin liderlər səviyyəsində müzakirə üçün uyğun olmadığını düşünür”.


Bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet” nəşrinə müsahibəsi zamanı bildirib.

“Müzakirə edilən əsas altı mövzu var. Birincisi Ukraynanın bitərəfliyi, yəni NATO üzvlüyündən imtina etməsidir. İkincisi Avstriya modeli kontekstində silahsızlaşdırma və qarşılıqlı təhlükəsizlik zəmanətlərinin verilməsidir. Üçüncüsü Rusiya tərəfinin “denazifikasiya” deyə adlandırdığı prosesdir. Dördüncüsü rus dilinin Ukraynada geniş istifadəsinin önündə dayanan maneələrin aradan qaldırılmasıdır. Davam edən müzakirələrdə ilk dörd maddə üzrə müəyyən irəliləyişə nail olduğunu aydın olur. Tam razılıq və ya bir anlaşmanın imzalanmaq üzərə olduğunu söyləmək üçün hələlik tezdir.

“Ən çətin iki mövzu beşinci və altıncı maddələrdir. Bunlar Donbas və Krımın statusu məsələləridir. Rusiya tərəfinin Krımın ilhaqının və Donbasdakı iki qondarma respublikanın tanınması tələbləri Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir. Bunların fərqli formullar əsasında müzakirə edilə biləcəyinə dair mövqelər mövcuddur.

İlk dörd maddə ilə bağlı bir razılaşma əldə olunarsa, beşinci və altıncı maddələrlə bağlı liderlər səviyyəsində bir görüş keçirilə bilər. Bu görüşlər nəticəsində razılığa gəlinməsi və müharibənin sona çatdırılması mümkün ola bilər”, - deyə İ.Kalın bildirib.