ABŞ və Aİ Rusiyanın enerji resurslarından asılılığı azaltmaq üçün işçi qrup yaradıb

ABŞ və Avropa İttifaqı (Aİ) cümə günü Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün işçi qrup yaradıb. İşçi qrupun iki əsas məqsədi kimi LNG tədarükünün şaxələndirilməsi və Aİ-nin təbii qaza tələbatının azaldılması qeyd olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

“Bu gün Prezident Co Bayden və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanın Rusiyanın faydalı qazıntılarından asılılığını azaltmaq və Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün birgə işçi qrupun yaradılmasını elan ediblər”, - bəyanatda deyilir.

Tərəflər bu qərarı Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsi ilə əlaqələndirirlər.

ABŞ və Aİ həmçinin qalıq yanacaqları əvəz etmək məqsədilə bərpa olunan hidrogenin istehsalı üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bundan əlavə, Avropa Komissiyası 2030-cu ilə qədər 50 milyard kubmetr həcmində ABŞ LNG-sinə əlavə tələbatın təmin edilməsi üzərində çalışacaq.