Polşa, Sloveniya və Çexiya Ukraynaya dəstək planını açıqlayıb

Polşanın Baş naziri Mateuş Moravetski Polşa, Sloveniya və Çexiyanın bütün Rusiya banklarının SWIFT-dən çıxarılmasını, ölkənin bütün beynəlxalq təşkilatlardan xaric edilməsi və Rusiya vətəndaşları üçün vizaların dayandırılması, habelə hakim "Vahid Rusiya" Partiyasının nümayəndələrinə qarşı sanksiya paketini təklif edən “Ukraynaya dəstək üçün on bəndlik plan” hazırladığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə polşalı siyasətçi “Politico” nəşrində yazdığı məqaləsində qeyd edib.

Rusiyanın bütün banklarının SWIFT-dən çıxarılması ilə çıxış edən Baş nazir yazıb: “Əks halda Rusiya iqtisadiyyatı bir neçə həftə ərzində yeni şərtlərə uyğunlaşacaq”.

Siyasətçi Rusiya gəmiləri üçün limanlara girişin, həmçinin avtomobil nəqliyyatı üçün Rusiyaya giriş və çıxışın bağlanmasını, oliqarxların bütün biznes mühitinə qarşı sanksiyaların tətbiqini təklif edir.

Həmçinin Aİ-yə daxil olmaq istəyən bütün Rusiya vətəndaşları üçün vizaların dayandırılması təklif edilir. Moravetski “Vahid Rusiya” Partiyasının bütün üzvlərinə qarşı sanksiyaların tətbiqinə, hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiyaların Rusiyaya ixracına tam qadağa qoyulmasına və son olaraq Rusiyanın bütün beynəlxalq təşkilatlardan kənarlaşdırılmasına çağırıb.