ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən “Dünya miqyasında təhdidlər” iclasına qatılan ABŞ Kəşfiyyat Birliyinin bir nömrəli şəxsi Avril Haynes 24 fevraldan bəri davam edən Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
ABŞ-ın Milli Kəşfiyyat (DNI) direktoru Avril Haynes bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada “uzunmüddətli müharibəyə” hazırlaşır.
Putinin Ukraynada nə etmək istədiyi ilə bağlı sualı cavablandıran Haynes "Ruslar orada (Donbasda) uğur qazansalar belə, bu vəziyyət müharibəni bitirməyəcək. Prezident Putinin Ukraynada öz məqsədlərinə çatmaq üçün Donbasda qazansalar belə uzunmüddətli müharibəyə hazırlaşdığını hesab edirik" deyib.
Rusiyanın ilkin hərbi məqsədlərinə çata bilmədiyini ifadə edən Haynes diqqətini paytaxt Kiyevdən Donbas bölgəsinə çevirdiyini vurğulayıb. O bildirib ki, qarşıdakı 1-2 ay çox həlledici olacaq, ruslar hərbi səylərini Donbas bölgəsində artıracaq. Putinin strateji hədəfləri yəqin , dəyişməyib.
Avril Haynes Putinin yalnız Rusiya dövləti üçün ekzistensial təhlükə hiss etdiyi halda nüvə silahına müraciət edə biləcəyini hesab etdiklərini, lakin yenə də ehtiyatlı və diqqətli davrandıqlarını diqqətə çatdırıb.
Bu arada Ukrayna hakimiyyəti də Rusiyanın ölkənin şərqində hücumlarını davam etdirdiyini bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Turab Rzayevin fikirlərinə görə, Ukraynadakı məğlubiyyəti qəbullanmaq Rusiyanın daxilən parçalanması ilə nəticələnə bilər:
"Rusiya dayansa belə, Ukrayna Donbass uğrunda mübarizə aparacaq. Belə olan halda rusların sona qədər döyüşməyəcəyi də bəlli deyil. Ona görə, rəsmi Moskva geri çəkilə bilməz, cəbhəni genişləndirməyə məcburdur.
Müharibəni genişləndirsə, Moldovaya və digər ölkələrə hücumu mümkündür. Rusiya da münaqişədə ciddiliyini göstərmək üçün taktiki nüvə silahından istifadəyə əl atar. Moldovanın, Azərbaycanın, Qafqaz ölkələrinin adının çəkilməsi heç də xoş deyil. Rusiya Azərbaycan Türkiyə strateji müttəfiqliyini, Qarabağdakı nəticələri nəzərə alıb ölkəmizə hücuma cəhd göstərməz. Moldova ilə plan real görünür".
Politoloq bildirib ki, Dnesteyanında hərəkətlənmə var. Rusiya Qara dənizin şimal zolağını, Krımdan sonra Odessa, ardınca Moldovanı ələ keçirməyə çalışacaq:
"Ancaq Moldovoya hücum Rumıniya ilə toqquşma deməkdir. Onlar eyni millətdir, qorunma ilə bağlı müqavilələri mövcuddur. Rumıniya NATO üzvüdür. Rumıniya ilə toqquşma NATO ölkələrinin münaqişəyə girməsinə yol açar. Azərbaycana hücum isə Türkiyənin reaksiyası ilə nəticələnər.
Ümid edirəm ki, Rusiya xam xəyallarından əl çəkib, bütün fikrini Ukraynaya doğru cəmləyəcək".