“ABŞ Türkiyəyə qarşı mövqeyini dəyişməlidir”

“Qlobal səviyyədə Türkiyəsiz heç bir problemi həll etmək mümkün deyil”

“Bunu rəsmi Vaşinqton anlamdıqca, Türkiyə-ABŞ problemlərini təməldən həll etmək alınmayacaq”

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində amerikalı həmkarı Cozef Baydenlə görüşüb. Türkiyə prezidenti R.T Ərdoğan bildirib ki, NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həllinə xüsusi töhfə verəcək.
Cozef Bayden, öz növbəsində, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

İki liderin görüşünü “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, bu liderlərin müəyyən məsələləri müazirə etməsi və müsbət impulsarın verilməsi iki dövlət arasında olan problemlərin  çözülməsi anlamına gəlməz:

“Burada üç dönəmdir ki, çox fundamental problemlər və hələ də öz həllini tapmayıb. ABŞ-ın Türkiyəyə olan münasibəti və yanaşma tərzi Türkiyə üçün qəbul oluncaq bir durum deyil. Ona görə ki, ABŞ əvvəllər olduğu kimi Türkiyəni yenə də özünün əmrində müntəzir bir əsgər kimi görmək istəyir. Əvvələr qərar qəbul edilirdi, Türkiyə də bunu icra etmək məcburiyyətində qalırdı. Lakin bu gün Türkiyə əvvəlki vəziyyətdə deyil.  O, özünə yetəcək qədər güclənmiş bir ölkədir. Bundan başqa Türkiyə artıq hərbi cəhətdən heç bir ölkədən asılı vəziyyətdə deyil. Günümüzdə Türkiyənin  müdafiə sanəyesi özünün 80 faiz təchizatını təmin  edir. Bu da onun digər ölkələrdən asılılığını minumuma endirir”.

Politoloqun sözlərinə görə, Ankaranın sərhəddən kənarda reallaşdırdığı bütün hərbi əməliyyatlar bilavasitə yerli istehsal vasitəsi ilə həyata keçirir:

“İstər helikopterlər, istər PUA-lar, istər artilleriya-raket sistemləri, eyni zamanda havadan havaya və yaxud havadan yerə atılacaq raketlərin də hərbi yerli istehsaldır. Bu səbəbdən rəsmi Ankara çox rahatlıqla istənilən hərbi əməliyyatı başladıb, başa çatdıra bilir. Lakin öncələr dərhal Türkiyəyə verilən silahlara qadağa qoyulurdu. Türkiyədə bu məhdudiyyətlər çərçivəsində uzun müddət hərbi əməliyyatlar apara bilmirdi. Bu baxımdan düşünürəm ki, Türkiyə ilə ABŞ-ın münasibətlər sistemi fundamental olaraq dəyişmədən ABŞ – Türkiyə yaxınlaşmasını iddia etmək doğru deyil. Təməl problemlər həll olunmadıqca, digər problemlərin həllində  zaman – zaman müəyyən çətinlik yaranır.

Natiq Miri hesab edir ki, ABŞ Türkiyəyə qarşı mövqeyini dəyişməlidir:

“Hesab edirəm ki, ilk növbədə ABŞ rəhbərliyində olan qafalar birmənalı olaraq anlamalıdırlar ki, Türkiyə artıq əski Türkiyə deyil. O, artıq qlobal səviyyədə yeni oyun quran ölkəyə çevrilib. Qlobal səviyyədə Türkiyəsiz heç bir problemi həll etmək mümkün deyil. Bunu rəsmi Vaşinqton anlamdıqca, Türkiyə-ABŞ problemlərini təməldən həll etmək alınmayacaq. Qısa müddətli müəyyən geosiyasi maraqlar kontekstində mövqelər yaxınlaşa bilər. Ancaq təməl olaraq iki ölkə arasında problemlər heç cürə müttəfiq səviyyəsində çözülə bilmir”.