Bakı Vaşinqtona başa salmalıdır: Minsk Qrupu yoxdur!

Dünən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında növbəti dəfə ATƏT- in Minsk Qrupu haqqında danışıb. Dövlət başçısı bildirib ki, daha bu quruma ehtiyac yoxdur: "Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk Qrupuna ehtiyac yoxdur, biz Minsk Qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq".

Prezident vurğulayıb ki,  Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər: " Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

 Ölkə, rəhbəri, həmçinin ötən otuz il müddətinə Minsk Qrupunun alət rolunu oynadığına diqqət çəkib. 

 İndiki məqamda Prezident İlham Əliyevin Minsk Qrupu barədə dedikləri, əlbəttə, mühüm əhəmiyyətə malikdir. Çünki son vaxtlar bu qurumun canlanlandırılmasına səy göstərilir. Vaxtı ilə Minsk Qrupunun üzvü olan Rusiya artıq özü bu təşkilatdan imtina edir. Buna səbəb Kremllə Qərbin maraqlarının toqquşmasıdır. Ukraynadakı müharibə tərəflər arasında çox dərin uçurum yaratdı. İkinci bir tərəfdən isə Cənubi Qafqazda təsir gücünün tədricən zəiflədiyini görən Moskva Qərbin təşəbbüsü ələ almasına imkan vermək istəmir. 

 Fransa da Minsk Qrupunun fəallaşmasında o qədər maraqlı görünmür. İndi həmin təşkilatın canlanmasını dəstəkləyən əsas qüvvə ABŞ - dır. Təsadüfi deyil ki, ABŞ- ın İrəvandakı səfiri də tez- tez oxşar açıqlamalarla çıxış edir. Bunun bir sıra səbəbləri var. Onlardan biri də, yəqin ki, ABŞ - dakı erməni lobbisidir. 

Beləliklə, Ermənistan "stimullaşdırılır", hakimiyyət revanşist bəyanatlar səsləndirməyə, təxribatları təkrarlamağa davam edir. Bunun nəticəsində Bakı ilə Vaşinqton arasındakı münasibətlərə zərbə dəyə, həmçinin Cənubi Qafqazdakı sülh və sabitlik təhlükə altına düşə bilər. Odur ki, Azərbaycan XİN ABŞ - ı məsələnin ciddiliyi barədə məlumatlandırmalıdır. ABŞ - a başa salmaq lazımdır ki, Ermənistanın maraqlarına uyğun bəyanatlar səsləndirmək, daxildəki erməni lobbisinin "çaldığı havanı oynamaq" Azərbaycan kimi mühüm tərəfdaşın itirilməsinə səbəb ola bilər. Yəqin ki, Ağ ev İrəvana görə Bakı ilə münasibətləri pisləşdirmak istəməz.