Terror aktları ABŞ-ı sarsıdıb


Məktəblər gülləkeçirməz materialla əhatələnəcək

  Texasdakı orta məktəbdə 19 şagird və 2 müəllimin ölümüylə nəticələnən terror aktından sonra məktəb pəncərələri və sinif otaqlarının gülləkeçirməz materialla əhatələnməsi gündəmə gəlib. Buna səbəb son illərdə ABŞ-da terror aktlarının sayının artması, çox zaman da terror aktlarının məktəblərdə, məktəb, lisey binaları qarşısında törədilməsidir. Bu barədə “NTV.com.tr” məlumat verir. Məlumatda bildirilir ki, ABŞ təhsil sistemi yetkililəri məktəblərdə, təhsil ocaqlarında təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili üçün gülləkeçirməz pəncərə şüşələrindən istifadəni, habelə sinif otaqlarının da gülləkeçirməz materialla əhatələnməsini təklif edir. Yetkililər hesab edir ki, hazırkı vəziyyət təhlükələri önləmək üçün yetərli deyil. Sonuncu Texas terrorunda isə təhlükəsizlik qüvvələrinin hadisəyə gec müdaxilə etdiyi və lazımi tədbirlərin zamanında icra edilmədiyi məlum olub. Artıq Florida ştatında bir şirkət gülləkeçirməz sinif otaqlarının istehsalına başlayıb. ABŞ ictimaiyyəti hazırda bu məsələni müzakirə edir; gülləkeçirməz kabinələr tədris prosesinə necə təsir edəcək? Bir çoxları bu fikirdədir ki, gülləkeçirməz sinif otaqları, ölkədə terrorla mübarizənin lazımi səviyyədə olmadığının göstəricisi ola bilər, bu isə şagirdlərin, əksinə, qorxu altında qalmasıyla nəticələnər.