Ukrayna-Rusiya düyünü: Hər iki tərəfi razı salmaq lazımdır

Rusiyanın Ukraynaya qarşı müharibədə strateji hədəfləri iflasa uğrayıb. Bununla belə, ədalətli və davamlı bir dünyaya necə nail olmağı düşünməyə dəyər.
Bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Çox adam deyir ki, hey, Rusiya bu müharibədə yaxşı iş görür. Lakin mahiyyət etibarı ilə Rusiyanın bu müharibədəki strateji məqsədləri iflasa uğradı. Kiyevi ala bilmədilər. Onlar Ukraynanı məhv edə bilmədilər. Onlar NATO-nu parçalaya bilmədilər”, - Sallivan söyləyib.
Sallivan qeyd edib ki, Ukrayna üçün ədalətli sülhə nail olmaq imkanı var.
Onun sözlərinə görə, ABŞ danışıqlar masası arxasında yaxşı razılaşma əldə etmək üçün Kiyevə lazım olan təsir rıçaqlarını təmin etməyə davam etməlidir.

Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, ABŞ müttəfiqi olan Ukraynanın məğlubiyyətinə görə, Rusiyanın cəbhədə müəyyən qədər uğuruna belə nöqsan tapmağa çalışır:

"Rusiyanın NATO-nu parçalamaq kimi hədəfi yox idi. Eyni zamanda Ukraynanı işğal etmək planı olsa da, buna nail ola bilmədi. Digər tərfdən rəsmi Moskva iddia edir ki, Türkiyənin vasitəçiliyi ilə olan Rusiya-Ukrayna razılaşması səbəbi ilə Kiyevdən özləri çəkilib. Əslində Rusiya Kiyevə gəlib çatmasa da, bəzi ərazilərinə desantlar atmışdı. Lakin bununla paytaxt şəhəri almaq mümkün deyil. Digər tərəfdən Ukrayna da cəbhədə istədiyinə nail ola bilmədi. Günbəgün Rusiya ölkənin yeni torpaqlarını işğal etməkdə davam edir. Bu baxımdan ABŞ Rusiyanın uğursuzluğunu bir az şişirdir. Ümumilikdə isə fakt odur ki, Rusiya müharibədə hələlik qalib tərəf kimi çıxış edir. Həmçinin ABŞ Ukrayna ərazilərinin işğalı ilə artıq barışıb. Bütün bunlarla yanaşı, həm Rusiya, həm də Ukraynanın sülhün imzalanması üçün tələbləri var. Zelenski geri çəkilib torpaqlarından imtina edərsə, onun üçün daha ağır olacaq. Bir yandan da Vladimir Putin öz konstitusiyasında dəyişiklik edərək, hələ tam ilhaq etmədiyi Ukraynanın 4 vilayətini öz ərazisinə daxil etdi. Rusiya bundan vaz keçərsə, öz ərazilərini Ukraynaya vermiş olacaq. Ümumiyyətlə düyünün açılması çətin məsələ olsa da, hər iki tərəfi razı salmaq lazımdır".