Putin və Pezeşkian Moskvada Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında ikitərəfli görüş keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kremldə baş tutub.

Putin görüş zamanı Rusiya ilə İran arasında ticarət dövriyyəsinin artdığını, Buşehr Atom Elektrik Stansiyasının tikintisinin davam etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya İranda həyata keçirilən layihələr üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

Rusiya Prezidenti Yaxın Şərqdəki vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb.

“Rusiya Yaxın Şərq regionunda vəziyyətin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid edir”, – deyə Putin qeyd edib.

İran Prezidenti Məsud Pezeşkian isə Moskvanın İslam Respublikasına göstərdiyi dəstəyə görə Rusiyaya minnətdarlığını ifadə edib.

O, həmçinin Yaxın Şərqdəki problemlərin həllində ABŞ-a ümid etməyin mümkün olmadığını bildirib.