Baxçalıdan Türk dünyasına mesaj: “Heç bir fikir ayrılığı qardaşlığımızı pozmamalıdır”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türk dünyasının birliyi, Azərbaycan-Türkiyə qardaşlığı və Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi ilə bağlı bəyanatla çıxış edib.

Sherg.az xəbər verir ki, Baxçalı Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü, türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Ankarada keçiriləcək TDT-nin Zirvə toplantısı münasibətilə yazılı açıqlama yayıb.

O bildirib ki, Türk dünyasının bugünkü səviyyəyə çatması əsrlər boyu davam edən mübarizənin, ortaq tarixin və nəsildən-nəslə ötürülən mədəni irsin nəticəsidir. Baxçalı Manas, Alpamış, Dədə Qorqud, Mahmud Kaşğari, Əlişir Nəvai, Xoca Əhməd Yəsəvi, Yunus Əmrə, Abay və Məhtimqulu kimi şəxsiyyətlərin ortaq türk kimliyinin formalaşmasında rolunu vurğulayıb.

MHP sədri qeyd edib ki, Türk Dövlətləri Təşkilatı tarixi yaxınlığı institusional münasibətlərlə möhkəmləndirən, siyasi iradəni konkret hədəflərlə birləşdirən mühüm platformadır. Onun sözlərinə görə, qarşılıqlı etimadın gücləndirilməsi, müstəqilliyə və suverenliyə hörmət, iqtisadi və mədəni əlaqələrin inkişafı Türk dünyasının beynəlxalq mövqeyini möhkəmləndirəcək.

Baxçalı xüsusi olaraq vurğulayıb ki, Türk dünyasının birliyi hər hansı dövlətin digəri üzərində hakimiyyət qurması anlamına gəlməməlidir. O, bu birliyin müstəqil dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət və qardaşlıq prinsipləri əsasında formalaşmalı olduğunu bildirib.

MHP sədri Azərbaycanla Türkiyə arasındakı münasibətlərə də xüsusi diqqət çəkib:

“Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklüdür. Siyasi və diplomatik məsələlərdən daha dərin tarixi mahiyyət daşıyır”.

O əlavə edib ki, iki ölkənin qardaşlığı xalqların iradəsi ilə möhkəmlənib, ortaq mübarizələrlə güclənib və nəsillər boyu yaşadılıb. Baxçalının fikrincə, heç bir fikir ayrılığının böyüdülməsinə, heç bir mübahisənin daimi ayrılığa çevrilməsinə və qardaş dövlətlər arasında etimadsızlıq yaradılmasına imkan verilməməlidir.