Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Abşeron rayonu, Masazır kəndi, Ş.Ələkbərov küçəsi ünvanında antisanitar vəziyyət artıq dözülməz həddə çatıb.

Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, yaşayış evlərinin və "Azərişıq" İdarəsinə məxsus yüksək gərginlikli elektrik transformatorunun bir neçə addımlığında yerləşən ərazi əsl tullantı poliqonuna çevrilib.

Bildirilir ki, zibil vəd edildiyi kimi gündə iki dəfə deyil, həftədə bir, bəzən hətta iki həftədən bir daşınır. Vətəndaşlar deyir ki, ərazidə mütəmadi olaraq tullantılar yandırılır. Alovun hər an yüksək gərginlikli transformatora keçərək faciə törətməsi təhlükəsi səbəbindən dəfələrlə yanğınsöndürənləri çağırmalı olublar.

Bununla yanaşı, zibillərin təmizlənməməsi səbəbindən ərazini iri siçovullar, gəmiricilər və zərərli həşəratlar bürüyüb.

Sakinlər bildirirlər ki, dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, ərazidə antisanitar vəziyyətin olmadığı barədə cavab alıblar.

Vətəndaşlar bir daha rəsmi qurumlara müraciət edərək ərazinin təmizlənməsini tələb edirlər.