Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib.

"Report" xəbər verir ki, bu barədə Rumıniya XİN rəhbəri Dan Nekulesku "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, mövcud sübutlar hibrid hücuma görə Rusiyanın məsuliyyət daşıdığını təsdiqləyir.

"Biz həmçinin Rusiyanın Qara dənizdəki ticarət gəmilərinə sistematik zərbələrini - beynəlxalq hüququ, gəmiçilik azadlığını pozan və qlobal nəticələrə malik qəsdən törədilmiş eskalasiyanı qınadıq", - nazir əlavə edib.

Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, sentyabrın 14-də Braşov şəhərindəki Carfil sənaye ərazisində baş verən yanğın ehtimal olunan təxribatla əlaqəli olub. İstintaq hesab edir ki, hadisədə Rusiyadan yönləndirilən şəbəkə çərçivəsində fəaliyyət göstərən şəxslərin əli var.