Türkiyədə Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişinin ratifikasiyasına qarşı çıxıblar

Türkiyənin “Vətən” Partiyasının lideri Doğu Perinçek Səudiyyə Ərəbistanı və Pakistanla birgə müdafiə haqqında Məkkə sazişinin Ankaranın bütün öhdəlikləri açıqlanmadan ratifikasiya edilməməsinə çağırıb. Sherg.az xəbər verir ki, bu barədə siyasətçinin Türkiyə parlamentinin deputatlarına müraciətində bildirilib.

Perinçek hökumətin sazişin məxfi müddəalarını parlamentə və xalqa açıqlamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi mahiyyətindən xəbərdar olmadığı öhdəliklərə görə məsuliyyət daşımamalıdır.

Siyasətçi hesab edir ki, saziş Türkiyəni ABŞ, İsrail və Səudiyyə Ərəbistanının maraqlarının həyata keçirilməsinə cəlb edə, həmçinin Ankara ilə İran, Yəmən və regionun digər ölkələri arasındakı münasibətləri çətinləşdirə bilər.

Perinçek mümkün məxfi hərbi öhdəliklərdən narahatlığını ifadə edib və sazişin Türkiyənin təhlükəsizliyini gücləndirəcəyinə şübhə ilə yanaşıb. O, xüsusilə Şərqi Aralıq dənizində vəziyyət gərginləşəcəyi təqdirdə Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyəyə dəstək verəcəyinə dair təminatların olmadığını bildirib.

Siyasətçi deputatları sazişin ratifikasiyası ilə bağlı qərar verməzdən əvvəl onun milli təhlükəsizliyə mümkün təsirlərini diqqətlə qiymətləndirməyə çağırıb.

Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə birgə müdafiə sazişi 2026-cı il avqustun 7-də imzalanıb. Sənədə əsasən, iştirakçı ölkələrdən birinə silahlı hücum hər üç dövlətə qarşı hücum kimi qiymətləndiriləcək.