“Qırğızıstan və Tacikistan arasındakı gərginlik KTMT-yə zərbədir” – Qərb uduşlu görünür!

14 sentyabrdan Tacikistan-Qırğızıstan sərhəddində yaranmış gərginlik sentyabrın 18-nə qədər davam edib. Sentyabrın 18-i isə sərhəddə atəşkəs rejiminə dair razılaşmalar pozulmadan və atəş açılmadan keçib. Bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb: “Hazırda tərəflərin nümayəndələri dövlət sərhəddində işlərini davam etdirir, əldə olunmuş razılaşmalara ciddi əməl olunması üçün müvafiq işlər aparırlar”.

Qırğızıstan və Tacikistan arasındakı mövcud vəziyyəti “Sherg.az”a şərh edən analitik Elçin Xalidbəyli bildirib ki, onlar arasındakı hazırkı silahlı toqquşmalar keçmiş SSRİ-nin dağılması nəticəsində ortaya çıxan geopolitik problemlərin sırasına daxildir:

“Bu iki qonşu dövlət arasında mövcud olan sərhədlərin dəqiqləşdirilməsi problemi hələ də həll edilməyib. Ona görə də, vaxtaşırı Qırğızıstan və Tacikistan arasında silahlı insidentlər baş verir. 

Təbii ki, iki dövlət arasında silahlı qarşıdurma müəyyən mənada Rusiyanın maraqlarına da cavab verir. Çünki hər iki ölkənin Rusiyadan asılılığı öz aktuallığını qoruyub saxlayır. Onlardan hər hansı biri Rusiyanın maraq çərçivəsindən kənara çıxsa, Kreml dərhal ərazi ziddiyyətlərini qabardacaq. Ancaq burada bir önəmli məqam da var. 

Qırğızıstan və Tacikistan hər ikisi müsəlman ölkəsi olmaqla yanaşı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, bu sərhəd toqquşmaları əslində, həm də Rusiyanın patronajlığı altında olan KTMT-nın nüfuzuna sarsıdıcı zərbə xarakteri daşıyır. 

Hər halda tərkibində yer alan iki dövlətin arasında düşmənçiliyin davam etdiyi bir hərbi-siyasi qurumu geopolitik proseslərdə heç kim ciddiyə almaz. Bütün bunlar onu göstərir ki, Qırğızıstan və Tacikistan arasında silahlı toqquşmalar indiki situasiyada daha  çox ABŞ və Qərbin maraqlarına cavab vermiş kimi görünür. Yəqin ki, Qərb siyasi dairələri mövcud ziddiyyətdən istifadə etməyə çalışacaqlar. 

Ümumiyyətlə, Qırğızıstan və Tacikistan arasında sərhədlər dəqiqləşdirilməzsə, bu iki dövlətin silahlı toqquşmaları hələ uzun müddət davam edə bilər”.