Analitik: Atəşkəs elan olundu, ən zəif həlqə bəllidir

Qəzzadakı razılaşma beynəlxalq diqqəti İrana yönəltməyə imkan verəcək

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək. Bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani bildirib. O deyib ki, Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində növbəti mərhələnin şərtləri müəyyənləşəcək. Qətərin baş naziri təsdiqləyib ki, HƏMAS İsraillə razılaşmanın ilk mərhələsində 33 girovu azad edəcək. Vasitəçilər İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını təmin etmək üçün danışıqların davam etdirilməsinin təminatçısı kimi çıxış edirlər. ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Yaxın Şərqdəki girovların geri qaytarılması, atəşkəs və girovlarla bağlı razılaşmanı təsdiqləyən ilk lider olub: "Müqavilə yaxın saatlarda imzalanacaq. İlk girovlar bazar günü sərbəst buraxıla  bilər". 
İsrailin Baş naziri Benyamin Netanyahu D.Trampa Qəzzada saxlanılan girovların azad edilməsi razılaşmasının əldə edilməsinə göstərdiyi köməyə görə təşəkkür edib. Baş nazir bütün əsirlərin istənilən yolla geri qaytarılmasına dair öhdəliyini açıq şəkildə ifadə edib. Trampın Qəzzanın bir daha terror sığınacağı olmamasını təmin etmək üçün ABŞ-nin İsraillə birlikdə çalışacağına dair bəyanatlarını alqışlayıb. Tərəflər həmçinin Qəzza ətrafındakı vəziyyəti və digər mühüm məsələləri müzakirə etmək üçün tezliklə Vaşinqtonda görüş keçirməyə razılaşıblar. 
İsrail Prezidenti İshaq Hersoq da atəşkəsi düzgün, mühüm və zəruri addım adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb: "Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayıb. Türkiyə lideri razılaşmanın Fələstin sakinləri, region və bütün bəşəriyyət üçün faydalı olacağına, davamlı sülhə və sabitliyə qapı açacağına ümidini ifadə edib: "Türkiyə bunun üçün bütün imkanlarını səfərbər edəcək".
ABŞ Prezidenti Co Bayden bildirib ki, Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində girovların azad edilməsi və İsrail qoşunlarının anklavdan çıxarılması prosesi başlayacaq: "Birinci mərhələ altı həftə davam edəcək. Bura tam və yekun atəşkəs, İsrail qoşunlarının Qəzzanın bütün məskunlaşmış bölgələrindən çıxarılması və HƏMAS-ın girov götürdüyü qadınların, qocaların və yaralıların da daxil olduğu bir sıra girovların azad edilməsi daxildir". Onun sözlərinə görə, ikinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatdırılmasını nəzərdə tutur. Üçüncü mərhələdə öldürülən girovların qalıqları ailələrinə qaytarılacaq, bundan sonra anklavın bərpası prosesi davam edəcək. Hər üç mərhələdə atəşkəs qüvvədə olacaq.

Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, atəşkəs sazişinin icrası 3 mərhələni təsvir edir. Atəşkəs bir neçə mərhələdən ibarətdir ki, onun açarı birinci mərhələdir. Ekspertin sözlərinə görə, birinci mərhələnin pozulması döyüşlərin bərpası ilə nəticələnə bilər:
 "HƏMAS-İsrail müharibəsi Yaxın Şərqi yenidən formalaşdırdı. Bununla yanaşı, Fələstin münaqişəsinin iki dövlətli həlli perspektivi üzərində boşluqları genişləndirdi. Müharibə “Hizbullah”ın əzilməsinə, Suriyada Əsəd rejiminin sona çatmasına kömək etdi və İranı regionda ən zəif vəziyyətə saldı. 2025-ci il İranın nüvə proqramı ilə bağlı həlledici il kimi göründüyü üçün Qəzzadakı razılaşma beynəlxalq diqqəti İrana yönəltməyə imkan verəcək. Sazişi birbaşa hansısa tərəfin mütləq qələbəsi kimi təqdim etmək olmaz. Hərçənd, İsrail üstün, HƏMAS isə məğlub durumda görünür. İsrail bundan sonra Səudiyyə Ərəbistanı və Türkiyə ilə münasibətlərinin normallaşmasına tərəfdar çıxa bilər. Bunların müşayiətində İranın nüvə proqramına diqqətin artırılması İsrailin, Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirəcək".