Ərdoğan Tokayevi rəsmi mərasimlə qarşıladı - Türk dünyasının birliyi müzakirə olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ankarada rəsmi mərasimlə qarşılayıb.

Sherg.az xəbər verir ki, qarşılanma mərasimi Prezident Kompleksində keçirilib. Süvarilər Tokayevin avtomobilini kompleksin girişinədək müşayiət ediblər. İki ölkənin dövlət himnləri səsləndirilib, 21 yaylım atəşi açılıb. Mərasimdə tarixdə mövcud olmuş 16 türk dövlətini təmsil edən bayraqlar və hərbçilər də iştirak ediblər.

Mərasimdən sonra Ərdoğan və Tokayev əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriblər.

Görüşdə Türkiyə-Qazaxıstan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türk dünyasının birliyini gücləndirmək mesajı verdi

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Ərdoğan Türkiyə ilə Qazaxıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq münasibətlərinin ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ərdoğan Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatın güclənməsinə töhfə verəcək addımların atılması üçün çalışacaqlarını bildirib. O, Qazaxıstanla bu istiqamətdə sıx həmrəyliyin davam etdiriləcəyini qeyd edib.

Tokayev COP31 Liderlər Zirvəsinə dəvət edildi

Görüş zamanı Ərdoğan Qazaxıstan Prezidentini Antalyada keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.

Görüşdən sonra Türkiyə Prezidenti Tokayevin şərəfinə rəsmi şam yeməyi verəcək.