- Şagird yerdəyişməsi məktəbin büdcəsini çətin vəziyyətə sala bilər
Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən hər bir təhsilalan şagird üçün adambaşına illik təhsil xərci tam orta ümumtəhsil məktəbləri üçün 2000 manat müəyyənləşib. Yəni, dövlət hər şagird üçün 2000 manat pul ayırır. Fərqli təhsil müəssilərində məbləğ fərqlidir. Lisey, gimnaziyada təhsil xərcləri daha yüksəkdir. Qəribə görünən budur ki, 1 şagird üçün ayrılan vəsaitin illik 2000 manat olması müqabilində ora məktəblərdə şagirdlərdən yenə də pul yığılır, valideynləri vasitəsiylə.
Fond pulu, A4 formatda vərəq alınması üçün, pərdə, masa örtüyü, jalüz... və sair, hətta coğrafiya fənni üçün xəritənin alınmasını da bəzi müəllimlər şagirdlərə tapşırır. 2000 manatdan “sıxışdırıb” sinif üçün xəritə almaq mümkün deyil yəni? Bu vəziyyət “aşağı-yuxarı” bütün məktəblərdə eynidir. Görünür, Nazirlər Kabineti 2000 manatın şagirdin təhsil xərclərini qarşılamadığından xəbərsizdir. Ya da, bilərəkdən belə “az” vəsait ayırırlar ki, çatışmayan hissəni valideynlər ödəsin.
Nazirlər Kabineti təhsil xərclərini necə hesablayır ki nəticə 2000 manat alınır?
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısı və təhsilalanlarının sayı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir: 
- Adambaşına maliyyələşdirmə prinsipi dövlət ümumtəhsil müəssisələrində təhsillə bağlı xərclərin ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqi, ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin yaxşılaşdırılması ilə bağlı xərclər, dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı xərcləri, kitab alınması ilə bağlı xərclər, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı xərclər istisna olmaqla hər bir təhsilalana düşən illik təhsil xərcləri əsasında müəyyənləşdirilir. Dövlət ümumtəhsil müəssisəsinə ayrılan illik maliyyələşdirmənin ümumi həcmi hər bir təhsil səviyyəsi üzrə təhsilalanların sayının həmin səviyyə üçün müəyyən edilmiş hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına vurulur və alınan nəticənin cəmlənməsi yolu ilə müəyyən edilir. Hər bir dövlət ümumtəhsil müəssisəsi üzrə təhsilalanların sayı müvafiq tədris ilinin əvvəlinə olan faktiki kontingent əsasında müəyyənləşdirilir. Tədris ili ərzində təhsilalanların sayında baş verən dəyişikliklər Nazirliyin müəyyən etdiyi qaydada nəzərə alınır.
Nazirlər Kabinetinin yeni təsdiq etdiyi adambaşına maliyyələşdirmə qaydalarına əsasən, tədris ilinin ortasında məktəbin faktiki illik xərcləri ayrılmış vəsaiti, şagird sayına görə müəyyən edilən büdcəni aşa bilər, məsələn, şagird yerdəyişməsinə görə, belə bir uyğunsuzluq yaranarsa, yaranan maliyyə çatışmazlığı və fərq məktəbin büdcədənkənar hesabı, təsisçisi və ya tabe olduğu qurum tərəfindən digər mənbələr hesabına ödənilməlidir.