Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaro barəsindəki xaricə çıxış qadağasına və pasportunun ləğvi qərarına baxmayaraq, ailəsi ilə birlikdə ölkəni tərk edərək ABŞ-yə gedib.
Sherg.az xəbər verir ki, Bolsonaro əvvəlcə quru yolu ilə Argentinaya keçib, daha sonra özəl təyyarə ilə Ekvador üzərindən ABŞ-yə yollanıb. Ailəni daşıyan təyyarənin Mayamiyə eniş anları dünya mediasının diqqətini çəkib.
Argentinadan ABŞ-yə uzanan marşrut
Argentina Miqrasiya İdarəsi sosial şəbəkədə yaydığı açıqlamada Bolsonaronun həyat yoldaşının və iki qızının Ekvadorun Quayakil şəhərinə getmək üçün özəl təyyarəyə mindiklərini təsdiqləyib.
Məlumata görə, Puerto-İquasu şəhərindən havaya qalxan və Quayakildə yanacaq doldurmaq üçün dayanmış təyyarə daha sonra birbaşa ABŞ-yə istiqamət alıb.
Argentina rəsmiləri əvvəlcə ölkə sərhədlərində hərəkətlilik qeydə alınmadığını bildirsələr də, gecə saatlarında yaydıqları ikinci açıqlamada Bolsonaronun quru yolu ilə Argentinaya daxil olduğunu və oradan təyyarə ilə Ekvadora getdiyini təsdiqləyiblər.
Bolsonaronun həbsi tələb olunur
Braziliya mətbuatının məlumatına görə, İşçi Partiyasının deputatları seçkidə məğlub olduqdan sonra ölkəni tərk edən senatorun təcili həbsini və onun barəsində İnterpol vasitəsilə qırmızı bülletenin elan edilməsini tələb ediblər.

Braziliya Federal Polisi Bolsonaronun səfər qeydləri, sərhəd keçidləri və seçki kampaniyası zamanı mümkün maliyyə pozuntuları ilə bağlı araşdırmaları davam etdirir.
ABŞ Bolsonaronun ölkəyə girişinə razılıq verib
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Anadolu Agentliyinin sorğusuna cavabında Bolsonaronun və ailə üzvlərinin viza alacağını və ABŞ-yə girişlərinə icazə veriləcəyini təsdiqləyib.
Argentina Prezident Administrasiyasının sözçüsü Adrian Ravier isə senatorun Argentina hakimiyyətinə rəsmi sığınacaq müraciəti etmədiyini bildirib.
Bolsonaroya qarşı iki araşdırma aparılır
Braziliya mətbuatının yazdığına görə, Federal Ali Məhkəmə senator barəsində atasının həyatından bəhs edən “Dark Horse” adlı bioqrafik filmin qanunsuz maliyyələşdirilməsi iddiaları ilə bağlı araşdırma aparır.
“O Estado de S. Paulo” və “O Globo” qəzetləri isə Bolsonaronun yaxın dostu və vəkili Viller Tomazla əlaqələndirilən başqa bir çirkli pulların yuyulması araşdırmasında da şübhəli kimi yer aldığını yazıblar.
Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva senatorun xaricə çıxış qadağasına baxmayaraq ölkəni tərk etməsini “utancverici” adlandırıb.