Qadınlardan sonra tələbələr də ayağa qalxdı


Tehran hökumətinin sərt reaksiyası, qan axıtması, xalqa silah çəkməsi rejimin sonunu gətirəcək

İran öz-özünü dini müstəvidə tələyə salıb

"Bu qədər var-dövləti olan bir ölkədə rejim molla hakimiyyətini qorumaq üçün o qədər səfeh qərarlar çıxarıb ki, xalq ilə hakimiyyət arasında böyük uçurum yaranıb"

  İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsi ilə başlayan etiraz aksiyaları geniş miqyas almaqdadır. Kütləvi etirazlar demək olar ki, ölkənin əksər vilayətlərinə yayılıb. Aksiya keçirilən şəhərlərin 90-a yaxınlaşdığı deyilir. Polislə ciddi qarşıdurma nəticəsində ölənlərin sayı 55 nəfər olub, yüzlərlə yaralının olduğu bildirilir. Aksiya iştirakçıları arasında əhalinin hər təbəqəsini görmək mümkündür. Qadınlardan sonra ali məktəb tələbələri də ayağa qalxıblar. Tələbələr aksiyada İran hökumətinin rəhbərinə qarşı “ölüm olsun diktatora” şüarları müşahidə olunub. 

Qəzəbli kütlə “Vuruşarıq, ölərik, İranı geri alarıq” şüarları da səsləndiriblər. Nümayişçilər onları meydanlardan uzaqlaşdırmağa çalışan təhlükəsizlik qüvvələrini daşa basıb və dəyənəklərlə qovublar. Güney Azərbaycanda yaşayan soydaşlarımız da etirazlarda aktiv iştirak edirlər. Azərbaycan türklərinin şüarları "Azadlıq, ədalət, milli hökumət" şəklindədir. Hərəkat yüksələn xətt üzrə getsə də, molla rejimi etirazçılara qarşı çox amansız davranır. Yüzdən artıq adam həbs edilib. Təzyiqlər nəticəsində aksiyaların zəifləməsi hədəflənir. Buna rəğmən, etirazların fars rejiminə ağır zərbə vuracağı ehtimal edilir. 

İrandakı etirazları "Şərq"ə təhlil edən siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib ki, aksiyaların səbəbi molla rejiminin ağılsız, düşünülməmiş və xurafat səviyyəsində siyasət yeritməsidir. Professorun sözlərinə görə, reallıqda İran nə həqiqi şəriətlə, nə də dünyəvi konstitusiya ilə idarə olunur: 

"Hakimiyyətdə olan molla rejimi dinə ziyan vurmaqla məşğuldur. İslam dinini tamamilə siyasiləşdiriblər. Dini fundamental xurafatçılığa çeviriblər və çoxsaylı əlavələr ediblər. İslama gətirdikləri "yeniliklərin" həddi-hüdudu yoxdur. O qədər qeyri-dini məsələləri şişirdilib, qabardılıb ki, bu vəziyyət bezmiş xalqı daha da hövsələdən çıxarıb, ayağa qaldırıb. İranda normal idarəetmə və islam yoxdur. Mollalar dini əsası olmayan fətvalar verirlər və əfsuslar olsun ki, Azərbaycanda da onlara uyan səviyyəsiz "ilahiyyatçılar" var. Təsəvvür edin, molla təfəkkürlü bir "ilahiyyatçı" deyir ki, "üzümdən mürəbbə bişirmək və yemək olmaz, çünki üzümdən şərab çəkilir". İranda isə bunun on qatı rəzalət var. Ona görə də əhali arasında rejimdən narazılıq böyükdür. Hökumətin xarici və daxili siyasəti, iqtisadi vəziyyət həddindən artıq bərbaddır. İran öz-özünü dini müstəvidə tələyə salıb. Bu qədər var-dövləti olan bir ölkədə rejim molla hakimiyyətini qorumaq üçün o qədər səfeh qərarlar çıxarıb ki, xalq ilə hakimiyyət arasında böyük uçurum yaranıb". 

  C.Nuriyev vurğulayıb ki, İranda çoxsaylı xalqlar var, amma ölkə əhalisinin sadəcə 35 faizini təşkil edən farslar özlərini "ari irq"in nümayəndəsi görürlər: "Digər xalqları öz nökərləri hesab edirlər. Bəluclar, kürdlər, ərəblər, eyni zamanda türklər, qaşqarilər fars rejiminə qarşı ayağa qalxıblar. Kütləvi etirazlar üçün bir qığılcım lazım idi. Qığılcım da kürd qızı Məhsa Əmininin ölümü oldu. Bu hadisə yorulmuş, bezmiş, dözümü qalmayan İran əhalisini ayağa qaldırdı. Proses bir müddət davam edəcək. Artıq SEPAH aksiyaçılara qarşı odlu silahlardan istifadəyə keçiblər. Məhz Tehran hökumətinin sərt reaksiyası, qan axıtması, xalqa silah çəkməsi rejimin sonunu gətirəcək. Həm də görünür ki, ABŞ qəbul etdiyi layihəni reallaşdırmağa başlayıb. İranın Ermənistan siyasəti fiaskoya uğrayıb. Tehran hələ də anlamır ki, ABŞ-ın Ermənistan sərhədində rus əsgərini əvəzləməsindən sonra ortada İran adlı dövlət qalmayacaq".