Paşinyan Fransaya, Qriqoryan ABŞ-a gedib

Bu görüşlər Rusiyanın İrəvana qarşı aqressiyasını artıracaq

  ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda olarkən Ermənistan hakimiyyətinə və cəmiyyətinə seçim etməsi ilə bağlı belə bir cümlə işlətmişdi: “Ermənistanın demokratiyası, suverenliyi və ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz öz əməli yardımımızı göstərmək üçün buradayıq, seçim Ermənistanındır. Biz öz istəyimizi ifadə etmək üçün buradayıq”. Əslində Pelosi İrəvana “ya Amerika, ya Rusiya” seçimini təklif etmişdi. Ermənistan rəsmiləri Pelosinin səfərindən iki gün əvvəldən başlayaraq “Rusiya bizi qorumur”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzərinə düşəni etmir” kimi açıqlamalar verirdilər. Bu siyasətin davamı kimi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ABŞ-a səfər edib. Qriqoryanın rəhbəri Nikol Paşinyan isə Fransaya səfərə gedib. Ekspertlərin fikrincə, ABŞ və Fransa Baş nazir Nikol Paşinyanı və onun hökumət üzvlərini Rusiya ilə qarşıdurmaya şərait yaradacaq təhlükəli oyuna sövq etməyə çalışırlar.

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov "Şərq"ə deyib ki, Nensi Pelosinin Ermənistana səfəri və orada keçirdiyi görüşlərdən sonra Rusiyanın İrəvana qarşı aqressiyasının artacağı iddia edilirdi. Hətta erməni mediası da bunu gündəmə gətirirdi: 

"Əslində Paşinyan hökuməti özü də bunun fərqindədir. Dərk edir ki, Moskva Pelosinin İrəvana səfərini və Ermənistan-Qərb münasibətlərini sakit qarşılamayacaq və cəzasız qoymayaq. Qriqoryan Rusiya təhlükəsindən dolayı hökuməti sığortalamaq üçün ABŞ-a səfər edir, daha doğrusu, Ağ Evə sığınır. Bu isə bölgədə vəziyyətin yenidən gərginləşməsi ehtimalını gücləndirir. Ən əsası isə Rusiya-Ermənistan qarşıdurmasının artması deməkdir. Qriqoryanın səfərində əsas məqsəd itirilmiş Rusiyanı ABŞ-la əvəzləmək, kompensasiya etməkdir. Yəni rusların müttəfiqliyini amerikalılarla dəyişmək istəyirlər". 

  S.Hümbətova görə, digər məqsəd rus qoşunlarının Ermənistandan çıxarılmasıdır: 

"Təbii ki, bu, hələlik real görünmür. Hər halda Paşinyan hökumətinin əsas strateji hədəflərindən biri budur. Bununla da ABŞ-ın Ermənistana yerləşməsi prosesini sürətləndirmək istəyirlər. Məhz indiki zamanda Rusiya Dövlət Duması sədrinin V.Volodinin Azərbaycana səfər etməsini təsadüfi saymıram. Bu səfər Qriqoryanın ABŞ-a səfərini müəyyən mənada tarazlayır və arxasında Ermənistanla bağlı müəyyən məqamlar dayanır".