Türkiyədə Polis Evində terror aktı…

Tural Abbaslı: “PKK böyük qüvvələrin Türkiyəyə təsir mexanizmi üçün yaradılmış terror təşkilatıdır”
"Həmin qüvvələr PKK kartından istifadə edərək Türkiyəni liderlik siyasətindən yayındırmağa çalışır”
  Türkiyənin Mersin vilayətinin Mezitli rayonunun Deniz məhəlləsində yerləşən Polis Evində terror aktı törədilib. Nəticədə iki qadın terrorçu ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib. Yaralı halda ələ keçəcəklərini düşünən qadın terrorçular özlərini partladıblar. Terror nəticəsində bir polis həlak olub, digəri yaralanıb. Terrorçulardan birinin "Zozan Tolan" kod adlı Dilşah Ercan olduğu müəyyənləşib. Bildirilib ki, "Zozan Tolan" ləqəbli terrorçu PKK-nın üzvüdür. O, 2013-cü ildə Mersində terrorçulara qoşulub və İraqın şimalında Qəndil bölgəsindəki terror düşərgələrində təlim keçib. Daxili işlər naziri Süleyman Soylu yerli hakimiyyət orqanlarının rəhbərləri ilə birlikdə terror aktı törədilən əraziyə gəlib. Nazir əminliklə bildirib ki, terrorçularla əlaqəsi olan şəxslər ən qısa zamanda aşkar olunacaq. Xatırladaq ki, sentyabrın 26-da Türkiyənin təhlükəsizlik qüvvələri Mersində terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirib və 8 şübhəli həbs edilib.
  AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a bildirib ki, belə terror hadisələri bir daha göstərir ki, PKK özlərinin iddia etdiyi kimi "kürd xalqının hüquqları uğrunda mübarizə aparan" qurum deyil. Partiya rəhbərinin sözlərinə görə, PKK böyük qüvvələrin Türkiyəyə təsir mexanizmi üçün yaradılmış terror təşkilatıdır: "Həmin qüvvələr istədikləri zaman Türkiyəyə qarşı PKK kartından istifadə edir, terrorçuları meydana sürürlər. Türkiyənin geopolitikada rolu artdıqca, qlobal aləmdə söz sahibinə çevrildikcə, hərbi qüdrəti çoxaldıqca, bundan narahat olan ölkələr əllərindəki mexanizmi işə salırlar. Məqsəd Türkiyəni öz hədəflərindən, liderlik siyasətindən yayındırmaqdır. Hesab edirlər ki, terror aktları Türkiyə hökumətini öz daxili məsələlərinə yönəldəcək. Həm də mesaj verirlər ki, lazım olan anda PKK-nı yenidən meydana çıxara bilərlər. Lakin unudurlar ki, Türkiyə əvvəlki ölkə deyil. Qardaş ölkəni belə senarilərlə zəiflətmək, hədəflərindən vaz keçirmək qeyri-mümkündür".