Yunanıstan Ermənistana hərbi dəstək verərsə...

“Azərbaycan Şimali Kipr Türk Respublikasını rəsmən tanımalıdır. Eyni zamanda Yunanıstana qaz nəqlini dayandırmalıdır”
“İstənilən halda Azərbaycan-Türkiyə tandemi Ermənistan-Yunanıstan iş birliyinə qalib gələcək"
"Ermənistan Azərbaycanla sərhədə hərbi texnikalar yığmaqla növbəti təxribata əl ata bilər. Fransa və Yunanıstan Ermənistana bu avantürada dəstək verir". Bu barədə "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Yunanıstan Ermənistana 1997-ci ildə bağlanmış müqaviləyə əsasən, hərbi təlimatçılarını göndərir və ikitərəfli hərbi yardım edilməsini müzakirə edir: "Şübhə yox ki, Afina məhz Türkiyə faktoruna görə Ermənistana dəstək olur. Yunanıstanın Xarici işlər naziri Ermənistana səfər edib. İkitərəfli siyasi əlaqələr müzakirə ediləcək. Ermənistan Yunanıstandan ABŞ silahlarının ölkəsinə idxalında maraqlıdır. Yunanıstanın silahları Ermənistana ötürməsi də istisna deyil. Afina hazırkı siyasəti ilə regionda sülhə və təhlükəsizliyə zərbə vurur. Türkiyə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması istiqamətində addımlar atır. Əgər Yunanıstan Ermənistana hərbi dəstək verərsə, Azərbaycan Şimali Kipr Türk Respublikasını rəsmən tanımalıdır. Eyni zamanda Yunanıstana qaz nəqlini dayandırmalıdır. Yunanıstan həm qardaş Türkiyəyə, həm də Azərbaycana qarşı cəbhədə fəal iştirak edir. Rəsmi Bakı Afinaya xəbərdarlıq etməlidir. İstənilən halda Azərbaycan-Türkiyə tandemi Ermənistan-Yunanıstan iş birliyinə qalib gələcək".