"Rəsmi Moskva qeyri-rusları ölümə göndərir”

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə onsuz da ruslar arasında ciddi narazılıq yaratmışdı. Prinsip etibarilə, ruslar etnik mənsubiyyəti eyni olan qardaşları ilə müharibə aparırlar. Müharibə əgər ruslar üçün mənəvi baxımdan ağır idisə, qeyri-rus olan Rusiya vətəndaşları üçün büsbütün problem idi. Dağıstan başda olmaqla, digər muxtar respublikalarda yaşayan qeyri-rusların etiraz etməsinin əsas səbəbi səfərbərlik qərarının ümumi Rusiyada elan edilməsinə baxmayaraq, təmas xəttinə daha çox qeyri-rusların göndərilməsidir.
Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, rəsmi Moskva faktiki olaraq qeyri-rusları ölümə göndərir. Başqa sözlə, müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir: "Rusiyanın ərazisi əhali nisbətinə görə kifayət qədər genişdir. Ölkə demoqrafik baxımdan da ciddi problemlər yaşayır. Hazırda Rusiya əhalisinin ümumi göstəricisinə görə, rusların artımı qeyri-ruslara görə günbəgün azalır: "Kreml vəziyyətdən narazıdır və Rusiya-Ukrayna müharibəsindən demoqrafik problemin “həlli” üçün də istifadə edir. Müharibəyə cəlb edilən qeyri-rusların əksəriyyəti hərbi xidməti 5 il müddətində bitirən 25-30 yaş aralığında olanlardır. Bu isə əhalinin əsas artım dinamikasına təsir edən yaş qrupudur. 25-30 yaş arası qeyri-rusların döyüşlərdə həlak olması muxtar respublikalarda qeyri-rus əhalinin artım dinamikasına ciddi zərər verə bilər".