Rusiya ordusu Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib. Hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb. Bu barədə “RBK-Ukraina” məlumat yayıb. Xatırladaq ki, yanvarın 15-də paytaxt Kiyev, Dnepr və başqa şəhərlər daxil omaqla Rusiya Ukraynaya raket hücumu edib.
Rusiyanın xeyli zamandır Ukraynaya qarşı işğalçılıq siyasəti yürütdüyünü deyən politoloq Azər Rəşidoğlu "Sherg.az"a vurğulayıb ki, Kreml Qərbdən maliyyə dəstəyi alan Ukrayna ordusuna güc gələ bilmədiyi üçün raketkərdən istifadə edir:
"Rusiya savaşın ilk vaxtlarında Ukraynanı tamamilə işğal edəcəyini bəyan edirdi. Ancaq uzun müddətdir, onlar məğlub olurlar. Digər tərəfdən Moskvanın texnikaları da sıradan çıxıb. Onlar köhnə tankları döyüş meydanına göndərməyə məcbur qalırlar. Belə texnika ilə davam gətirməyəcəyini anlayan ruslar, uzaq məsafəli raketkərlə yaşayış məntəqələrini vuraraq, Kiyevi danışıqlara məcbur etməyə çalışırlar. Lakin mən Ukraynanın işğalçı Rusiya ilə danışıqlar masasına oturacağına inanmıram".
Analitikin sözlərinə görə artıq müharibənin şiddətli mərhələsi başlayır:
"Baş verən son hadisələr cavabsız qalmayacaq. Fikrimcə, Ukrayna ordusu yayı gözləyir. Onlar yay aylarında əks- hücuma keçərək, işğal olunmuş bir çox ərazilərini geri qaytaracaq. Hətta Krımın da ruslardan alınması ehtimalı var.
Qərb isə sanksiyaları daha da artıracaq və Ukrayna qalib gələnədək Moskva ilə danışıqlara getməyəcək. Ümumiyyətlə, son hadisələr onu göstərir ki, Rusiya mülki əhalini qətlə yetirməklə onsuzda aşağıda olan imicini daha da bərbad vəziyyətdə qoyur.
İstənilən halda son nəticə etibarı ilə Ukrayna ordusunun qələbəsi və rus işğalında olan ərazilərini azad etməsi qaçılmaz görünür".