Tanklar Ukraynanın taktiki uğurlarının açarı ola bilər


Lakin onların işğal zonasının genişmiqyaslı azad edilməsi əməliyyatlarında həlledici xüsusiyyət qazanması problemlidir

  Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbəri Vladimir Putinlə görüşməkdə və onunla sülh danışıqlarında maraqlı deyil. Ukrayna lideri deyib ki, bu gün Putin onun üçün heç kimdir. Prezident qeyd edib ki, o, Rusiyada kimin qərar verdiyini anlamır: "Putin danışıqlarda iştirak edəcək şəxs deyil”. Zelenski qeyd edib ki, ukraynalıların həyatını xilas etmək Putin rejiminin başlatdığı ədalətsiz müharibədə onun bir nömrəli prioritetidir: 

“Mən Rusiyada döyüşmək istəmirəm. Sadəcə istəyirəm ki, onlar müharibəni tez bir zamanda dayandırsınlar və ölkəmizi tezliklə tərk etsinlər. Sizə əminliklə deyə bilərəm ki, ərazimizi tərk etsələr, müharibə dayanacaq. Məsələ bununla bitəcək". Xatırladaq ki, ötən ilin oktyabrında Zelenski Rusiya Prezidenti Putinlə danışıqlar apara bilməyəcəyini bəyan etmişdi. ABŞ Prezidenti Co Bayden isə bildirib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına hazırlaşır: "Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri öz nəzarəti altında olan əraziləri müdafiə etmək və əlavə əks-hücumlara hazırlaşmaqla məşğuldur". O bildirib ki, ABŞ Ukraynanı öz ərazisini müdafiə edə bilməsi üçün silahla təmin etmək niyyətindədir. Bayden xüsusən də, Vaşinqtonun Kiyevə 31 “Abrams” tankı təhvil verəcəyini açıqlayıb. Yanvarın əvvəlində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin bu yaz hücuma keçəcəyi gözlənilir. Mart ayında onun proqnozlarına görə, döyüşlər "ən qızğın" mərhələdə olacaq. Budanov xatırladıb ki, Ukraynanın məqsədi 1991-ci il sərhədlərinə qayıtmaqdır. Almaniyanın müdafiə naziri Boris Pistorius isə deyib ki, "Leopard" tanklarının Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı hələ qərar verilməyib: "Bu istiqamətdə heç bir yenilik yoxdur. Biz öz qərarımızı hazırlayırıq və tezliklə açıqlayacağıq”. O bildirib ki, "Leopard" tankları olan müttəfiqlər Ukrayna qüvvələrinə bu istiqamətdə təlimə başlaya bilərlər və Almaniya buna etiraz etmir: "Ukraynanı dəstəkləməli və Rusiya aqressiyasına qarşı biz öz həmrəyliyimizi göstərməliyik, bu çox vacibdir. Biz 2023-cü ilin yazı üçün Ukraynaya hərbi yardım paketini hazırlayırıq. İndiyə qədər Ukraynaya 3.3 milyard avro yardım etmişik. ABŞ və Britaniya ilə birgə biz Ukraynaya yardım edən əsas ölkələr arasındayıq".

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, NATO Ukraynadakı müharibənin taleyini Rusiyanı iflic edən hala gətirməkdən ötrü Kiyevə silah tədarüklərində səhifələri çevirməyi qərara alır. Ekspert vurğulayıb ki, NATO Ukraynadakı münaqişəyə görə maksimal ehtiyatlı mövqedə duran Almaniyanı da müharibədə dolayı iştiraka dartmağı bacarır: 

"Almaniyanın üzərində böyük basqılar var və bu təzyiqlərin başında ABŞ ilə Böyük Britaniyanın nəhəng maraqları dayanır.
Ona görə də Almaniya təhlükəsizlik qayğılarındakı dilemmalara son qoyub Ukraynaya “Leopard” tanklarını tədarük etməkdən başqa seçimə malik olmadığını göstərir. Almaniyanın Ukraynaya verəcəyi tanklar NATO-nun ümumi təhlükəsizlik sisteminin tələbləri ilə uyuşur. Almaniyanın tanklarının Ukraynanın döyüş potensialını artırmasını ABŞ-nin Kiyevə verəcəyi “Abrams” tankları tamamlayacaq. Bununla belə prosedur əmmalarından dolayı Ukrayna hələ bir neçə ay Rusiyanın davamlı zərbələrinə tab gətirməyi bacarmalıdır. Texniki prosedurlar Ukraynaya tankların gətirilməsini bir neçə ay gecikdirir, buna görə də Rusiya hərbi əməliyyatlar planında maksimal ideallarını gücləndirəcək. Yəni Rusiya Ukraynadakı işğal zonasını genişləndirməkdən ötrü hücum və müdafiə cəbhəsini gücləndirəcək. Bununla da, Kiyevin balansına ən müasir tanklar keçəcəyi təqdirdə belə, onların döyüşlərdəki qabiliyyətinin çox yerə paylanmasını təmin etmək istəyir. Nəticədə Qərbin müasir tanklarını zərərsizləşdirməyin yollarını aramaq üçün vaxt qazanmağı hədəfləyir".
  Analitik diqqətə çatdırıb ki, Qərbin Ukraynanı yeni tanklarla təchiz etmək öhdəliyini üzərinə götürməsindən sonra Kremlin artan narahatlıqlarını Almaniyanı hədələmək müşayiət edir: "Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev deyib ki, Almaniyanın qərarı İkinci Dünya müharibəsinin nəticələri ilə bağlı tarixi öhdəliklərdən imtinadır və bu, münaqişəni yeni səviyyəyə qaldırır. Rusiyanın Almaniya üçün hərbi təhdid yaratmaq ehtimalı zəifdir. Çünki Almaniya NATO-nun orqanıdır. Moskvanın bu orqanı hərbi cəhətdən zədələmək və ya sıradan çıxarmaq qərarı ona baha başa gələr. Buna görə də səfirin açıqlaması yalnız diplomatik hədədir və ən pis halda enerji ixracı ilə bağlı sərt qərarları özündə ehtiva edə bilər. Rusiya Qərbdən Ukraynaya yeni tankların transferinə əngəl yaratmaq üçün hədə ritorikasını davam etdirə və yenidən “nüvə silahı ataram” şantajına keçə bilər. Ancaq NATO münaqişə tərəfi deyil, müharibənin taktiki uclarında Rusiya və Ukrayna dayanır, bu baxımdan iki ölkənin döyüş meydanında daha çox təhlükə altına düşmək riskləri artır".
  A.Kərimova görə, NATO da, Rusiya da Ukraynanı özlərinin təhlükəsizliyi üçün “qırmızı xətt” kimi gördüklərindən müharibə zonasında fərq yaratmaq üçün potensiallarını nümayiş etdirəcəklər: "NATO Ukraynaya tədarükləri müharibənin fazalarına uyğun şəkildə nizamlayır. Görünür ki, hələ də Kiyevə qırıcıların verilməsinin vaxtı çatmayıb. Tanklar Ukraynanın taktiki uğurlarının açarı ola bilər. Lakin onların işğal zonasının genişmiqyaslı azad edilməsi əməliyyatlarında həlledici xüsusiyyət qazanması problemlidir. Rusiya bu vaxtın yetişməməsi üçün əlindən gələni edəcək. NATO isə Ukraynanın balansındakı silahlarla əks-hücum əməliyyatlarında uğurlar qazanılmasına çalışacaq. Müharibənin taleyi döyüş meydanındakı mövqelərin hansı yerdə dayanması ilə müəyyən ediləcək. Ona görə də hazırda nəticənin konkret necə olacağını proqnozlaşdırmaq çətindir".