Keniyada “aclıq təriqəti” hadisəsi ilə bağlı istintaq davam edir.
“Sherg.az” xarici mediaya istinadən verir ki, polisin verdiyi açıqlamaya görə, Keniyanın şərqində bir meşədə kütləvi məzarlıqda daha 15 nəfərin cəsədi tapıldıqdan sonra ümumi can itkisi 73-ə yüksəlib.
Bildirilib ki, cəsədlərin ailələrə çatdırılması üçün polis şəxsiyyətlərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
Polisin məlumatına görə, 14 din üzvü saxlanılıb. Keniya Qırmızı Xaç Cəmiyyəti itkin düşən 112 nəfərin hələ də tapılmadığını açıqlasa da, səlahiyyətlilər 33 nəfərin təriqətdən xilas edildiyini vurğulayıb.
Qeyd edək ki, Keniya prezidenti Uilyam Ruto verdiyi açıqlamada hadisəni pisləyib və dindən şər məqsədlər üçün istifadə edən təriqət liderlərini terrorçu adlandırıb.
Xatırladaq ki, aclıqdan ölərlərsə, "Hz. İsa ilə görüşəcək və “cənnətə gedəcəklər” vədi ilə bir çox insanı aldadan təriqət lideri Paul Mackenzi Nthnge, aprelin 15-də aclıqdan öldüyü öyrənilən 4 nəfərin cəsədinin tapılmasının ardından polis tərəfindən saxlanılıb. Saxlanılan təriqət liderinin də heç nə yemədiyi məlum olub.
Aclıq təriqətinin üzvlərinin isə Malindi sahil şəhəri yaxınlığındakı Şakahola meşəsində 800 hektarlıq bir ərazidə yaşadığı bildirilir.
Mənbə: Hürriyət qazeti