Ukrayna NATO-ya qəbul edildi? - RƏY

"Ukraynanın Alyansa tam hüquqlu üzv kimi qəbul edilməməsinin bir neçə səbəbi var". 
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı “Niyə Ukrayna hələ də NATO-ya qəbul edilmir?” sualını cavablandırarkən deyib.O qeyd edib ki, bu ölkənin adıçəkilən quruma qəbul edilməmənin əsas səbəbi NATO-nun prinsipial qanunlarından irəli gəlir:

"Yəni Alyans tələb edir ki, tam hüquqlu üzv kimi qəbul olmaq istəyən ölkənin münaqişə və ikinci dövlətlərlə ərazi problemləri olmasın. Lakin Ukraynanın həm ərazi problemi yaşadığını, həm də Rusiya ilə faktiki münaqişədə olduğunu görürük. Düzdür, Ukrayna kiminsə ərazisinə daxil olaraq münaqişə başlatmayıb və zərərçəkən tərəfdir. 
Ancaq bu NATO-nun prinsipial mövqeyini dəyişdirmək üçün əsas deyil. Rəsmi Kiyev istənilən halda münaqişədədir və hələ də sülh inzalanmayıb. Yalnız müəyyən əraziləri itirməyə razı olub sülh müqaviləsini imzalayarasa və ya qalib gələrsə indi tanınan beynəlxalq sərhədləri fonunda onun NATO-ya qoşulmağından danışmaq olar".

Ekspertin əlavə edib ki, ortada digər faktorlar da var:

"Bunun başında yenə Rusiya gəlir. Təbii ki, rəsmi Moskva Ukraynanın NATO-ya tamhüquqlu üzv qəbul edilməsinə razı olmaz. Bunu dəfələrlə də sərt dillə ifadə ediblər ki, əgər Kiyev Alyansa daxil edilərsə, daha fəlakətli nəticələr olacaq. 

Hətta Kreml NATO-nun hakim qüvvələrini nüvə silahıyla belə təhdid etmişdi. Digər tərəfdən beynəlxalq nizam da Ukraynanın Alyansa qoşulmasında əngəllər yaradır. Məsələn ortada Çin faktoru var. Heç rəsmi Pekin də NATO-nun böyüməsini və dünya səviyyəsində daha çox söz sahibinə çevrilən bir hərbi təşkilat olmasını istəməz. Çünki Çinin özü də dünyada qütbləşmə prosesinə başlayıb və yeni güc mərkəzi kimi formalaşmaq istəyir. 

Eyni zamanda baş verən proseslər fonunda dünya dövlətlərinin hazırkı ritorikası münaqişəyə səbəb ola biləcək hərəkətlərdən qaçmaq üzərində qurulub. Belə ritorika ilə çıxış edən Qərb dövlətləri öz prinsiplərinə zidd olaraq Ukraynanı NATO-ya üzv qəbul edərsə, münaqişəni artıran tərəf mövqeyinə düşmüş olacaqlar. Bu da onlar üçün qəbuledilməz haldır".