ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan görüşlərdən danışıb. Bu barədə o “Twitter” səhifəsində paylaşıb.
“Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etməkdən şərəf duydum. Əldə olunmuş irəliləyişdən məmnunam və razılığın əldə olunmasına nikbin yanaşıram”, - Blinken qeyd edib.
Xatırladaq ki, 2023-cü il 1-4 may tarixində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Blinkenin açıqlamasını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev qeyd edib ki, bizə bəlli olan məlumatlara əsasən Ermənistan rəsmi Bakının müəyyən şərtləri ilə razılaşır:
"Həmçinin Qarabağda olan separatçı dəstəyə hansısa şəkildə öz müqəddəratını təyin etməklə bağlı heç bir hüquqa ABŞ isti baxmır. Yəni rəsmi Vaşinqton bu məsələyə xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə yox ərazi bütövlüyü və insan hüquqları çərçivəsindən baxır. Ona görə də Vaşinqtonun nəzərində Qarabağdakı ermənilər, Azərbaycan respublikası daxilindəki etnik azlıq hesab edilir. Digər tərəfdən məlumat yayılıb ki, mayın sonuna qədər sülh müqaviləsi imzalanmalıdır və bununla bağlı ABŞ Ermənistana təzyiq edir. Burda bir formallıq var. Yəni hər görüşdən sonra, irəliləyişlər və proseslərin müsbət olması barəsində məlumatlar verilir"
Analitik əlavə edib ki, sülh müqaviləsi ilə bağlı nikbin deyil:
"Çünki ortada Rusiya faktoru var. Kreml Cənubi Qafqazda sülh yaradacaq yeganə qüvvənin özü olduğunu düşünür və yeganə arbitr odur. Digər tərəfdən biz prosesin sabotaj olunduğunu görürük. Yəni bundan əvvəl planlaşdırılan Vaşinqton görüşündə də sərhəddə təxribatlar baş verdi və Ermənistan XİN rəhbəri təcili ölkəyə qayıtmalı oldu. İndi də Vaşinqton görüşündə irəliləyişlərin əldə olunmasından sonra Moskva tərəfindən açıqlama verilir. Daha bir bir mənfi xəbər isə Ermənistan rəhbərliyinin yenidən Qarabağ məsələsini güdəmə çıxarmasıdır.
Yəni Ermənistan iddia etdiyi kim Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu isə sülh üçün neqativ haldır".