ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədləri qeyri-qanuni şəkildə gizlətdiyinə görə mühakimə olunduğu iş üzrə ona qarşı irəli sürülən ittihamların sayı 40-a çatıb.
"Sherg.az" xəbər verir ki, genişləndirilmiş ittihamnamədə Tramp işçilərindən Floridadakı malikanəsinin müşahidə kameralarının görüntülərini silməyi istəməkdə günahlandırılıb. Prokurorlar Trampın malikanəsinin idarəedicisi 56 yaşlı Karlos de Oliveyranı ədalət mühakiməsinə mane olmaq cəhdində ittiham ediblər. İttihama görə, Ədliyyə Nazirliyi müşahidə kameralarının görüntülərini tələb etdikdən sonra Oliveyra Trampın tələbi ilə başqa bir işçiyə videoları silməyi əmr edib. De Oliveyra həmçinin gizli sənədlərlə heç bir əlaqəsi olmadığını iddia edərək FTB-yə yalan ifadə verməkdə ittiham olunub. Prokurorlar həmçinin əvvəllər müxtəlif ittihamlarla günahlandırılan Trampın əməkdaşı Uolt Nautanın da Oliveyra ilə əlbir olduğunu bildiriblər.
Mənbə: Hürriyet