İranın maraqlı adəti: MOSSAD-ın adının hallanması təsadüfi deyil 


Bu İranın İsrailə qarayaxma kampaniyasının bir hissədir

SEPAH-ın kəşfiyyat xidməti MOSSAD-ı İranın müdafiə kompleksi obyektlərində təxribat hazırlamaqda ittiham edib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, MOSSAD-ın bilavasitə nəzarəti altında olan qrupun üzvləri aşağı keyfiyyətli və qüsurlu hissələri təmin etməklə raketlərin buraxılışını pozmaq niyyətində idilər, buna görə də raketlər buraxılan zaman partlamalı idi.
İran kəşfiyyatının sabotajda şübhəli bilinənlərin hamısını həbs etdiyi bildirilib.
Kəşfiyyatla bağlı məsələlərin qeyri-müəyyən olduğunu deyən politoloq Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki, İran tərəfinin əlində müəyyən məlumatların olması mümkündür:

"Yaddan çıxarmaq lazım deyil ki, İran bir neçə ay öncə öz ərazilərində baş vermiş partlayışı da MOSSAD-ın adıyla bağladı. Ümumiyyətlə cənub qonşumuz bir sıra partlayışları, çatışmazlıqları və terror hadisələrini xarici ölkələrin üzərinə atır. Rəsmi Tehran ölkədəki təzyiqi gücləndirmək üçün MOSSAD, MKİ, Azərbaycanın kəşfiyyat orqanının adından istifadə etməyə adət edib. Məsələn  ibadətgahdakı terror aktı zamanı İran tərəfi dedi ki, bunu Tacikistan, Əfqanıstan və Azərbaycan vətəndaşları edib. Sonradan isə Azərbaycanla bağlı iddialar öz əksini tapmadı".
Analitik əlavə edib ki, MOSSAD-ın belə hadisələrdə adının hallanması İranın İsrailə qarayaxma kampaniyasının bir hissədir:
"Ümumiyyətlə rəsmi Təl-əviv bu hadisəni təsdiqləyərsə, İran hərbi əməliyyatlar keçirmək və ya Livanda "Hizbullah"ın vasitəsilə İsrailə təzyiq etmək üçün əsas toplaya bilər. Məsələn, Hizbullah İsrailə hücum edər və bunu İrandakı hadisələrlə bağlayar. Odur ki, rəsmi Tehranın bu iddiaları yetərli deyil və məsələni İsrail də etiraf etməlidir. Həmçinin İran  raket texnalogiyalarının aşağı səviyyədə olduğunu və sınağın baş tutmayacığını ört-basdır etmək üçün də məsələni MOSSAD-ın üzərinə ata bilər".