Rusiya Federasiyası hesab edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.
XİN rəhbərliyi vurğulayıb ki, bu il Ermənistan alyansla onlarla tədbirdə iştirak edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları blokun bir sıra dövlətlərində təlimlər keçirlər.
“Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və “parçala və idarə et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”.
Sergey Lavrovun fikirlərinə münasibət bildirən politoloq Züriyə Qarayeva "Sherg.az"a söyləyib ki, NATO-nun 1997-ci ildə Rusiya tərəfilə imzaladığı pakt mövcud idi:
"NATO Şimali Atlantika və Şərqi Avropada hərbi iştirakının genişləndirilməsini bu pakt çərçivəsində dayandıracaqdı. Amma illər ərzində baş verən proseslər Rusiyanın əhatə dairəsinin gündən-günə daha da daraldılması və bu gün Skandinaviyadan Ukraynaya qədər NATO qüvvələrinin Şimal qonşumuzu əhatəyə alması göstərdi ki, NATO müvafiq paktın müddəalarına əməl etmədi. Hazırda Rusiya NATO-nun sözügedən siyasətini bundan sonra da davam etdirəcəyindən və blokada vəziyyətinin genişləndirilməsindən narahatdır. Cənubi Qafqazda hazırda müvafiq siyasət müxtəlif adlar altında həyata keçirilir. Gürcüstan və Ermənistan üzərindən bu ölkələrin plazdarma olaraq istifadə edilməsi ritorikasının şahidi ola bilirik. Ermənistan isə bu siyasətin tərkibi olmaq üçün ən rahat ölkələrdən biridir. Bu Ermənistanın müstəqil siyasət yürütməməsi ilə sıx bağlıdır. Ona görə də NATO və Qərbin Ermənistan üzərindən Rusiyaya yönəlik siyasətini rəsmi Moskva qəzəblə qarşılayır".
Analitik onu da qeyd edib ki, artıq Rusiya tərəfindən Ermənistana qarşı cəza mexanizmləri işə salınmaqdadır:
"Elə ən son "Yuxarı Lars" keçid məntəqəsinin bağlanması Rusiyanın bundan sonra atacağı addımlara da işıq salmış oldu. Eyni zamanda enerji təhdidi kiçik məsələlər deyil. Bu sanksiyaların daha da gücləndirilməsi kontekstində Ermənistan siyası varlığı belə itirə bilər. Ona görə də hazırda Paşinyan baş verən hadisələrdən dərs çıxarmaq məcburiyyətindədir. Ən son Gümrüdəki hakim partiyanın toplantısında Paşinyanın açıq şəkildə Qərbin Ermənistanın addımlarını dəyərləndirmədiyini və Rusiyanın Ermənistana qazandıracağı itkiləri konpensasiya etmək gücündə olmadığını etiraf etdi. Təsadüfi deyil ki, bu bəyanatın ardınca Rusiyada keçirilən MDB ölkələrinin zirvə görüşü və Avrasiya İqtisadi əməkdaşlığının sammitində iştirak etmək üçün Nikol Paşinyan rəsmi Moskvaya yollandı. Bununla Ermənistanın özünün reallıqlarını yaxşı ağladığını söyləmək olar. Eyni zamanda həmin reallıqların isə digər NATO çətirinin genişləndiyi ölkələrlə president olmadığını görür və prosesin daha da genişlənməsinin qarşısını alacaq".