Hindistanın XPoSat peyki PSLV-C58 daşıyıcı aparatı vasitəsilə uğurla kosmosa çıxarılıb.
Bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edilib ki, “X-ray” polarimetriya peykinin buraxılışı Hindistan üçün bir ilkdir. Belə ki, əvvəllər analoji cihazlar yalnız ABŞ tərəfindən kosmosa göndərilib.
Məlumata görə, peykin avadanlığı təxminən 50 potensial kosmik mənbədən gələn rentgen şüalarının qütbləşməsini ölçəcək. Bu cür tədqiqatların qara dəliklərin, neytron ulduzların, aktiv qalaktik nüvələrin və pulsar külək dumanlıqlarının təbiətini daha yaxşı başa düşməyə kömək edəcəyi gözlənilir.
Mövzu barəsində “Sherg.az” a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, 2023-ci ilin əsas hesabatlarından biri Hindistanın kosmik dövlətə çevrilməsidir:
"Bizi qarşıda yeni müstəvidə mübarizə meydanı gözləyir. Yer kürəsində nüvə silahına sahib olan güclü ölkələrin sayı çoxalır. Bu Birinci və İkinci dünya müharibəsi dövründəki reallıq deyil. İndiki dövlətlər bir-birlərinə ziddiyyətlərini, müharibə ilə həll edə biləcək vasitələrini işə salmaqdan çəkinirlər. Çünki həmin silahlar dövlətlərin varlığına son qoya bilər. Bu baxımdan hər kəs alternativə yönəlib. Bu ölkələr sırasında Hindistan da yer alır. Onlar kosmik məkanında savaş prinsiplərinə keçid ediblər. Hindistanın məqsədi isə kosmosun silahlandırılmasına başlamaqdan ibarətdir. Bunu daha öncə Çin və Amerika etmişdi. Ona görə də Hindistanın raketli və kosmik silahlarla silahlanması kosmosdan dövlətlərin hərbi imkanlarına nəzarət edən yeni hərbi doktrinanın tərkib hissəsidir".