Rusiya Silahlı Qüvvələri üçün artilleriya sursatlarının istehsalı 2022-ci ilin fevral ayından bəri 17,5 dəfə artıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin fevralından tankların istehsalı 5,6 dəfə, piyadaların döyüş maşınlarının istehsalı 3,6 dəfə, zirehli transportyorların istehsalı 3,5 dəfə, PUA-ların istehsalı isə 16,5 dəfə artıb.
Məsələni "Sherg.az"a dəyərləndirən hərbi-ekspert Ədalət Verdiyev söyləyib ki, Rusiyanın müdafiə sanayesi məhsullarının istehsalını son bir il ərzində dəfələrlə artırması birbaşa Ukraynada davam edən müharibə ilə əlaqədardır:
"İstehsalın belə bir səviyyədə artırılması eyni zamanda Rusiyanın Ukrayna savaşında məruz qaldığı itkilərlə bağlıdır. Burada ən çox itkilər zirehli vasitələrə, piyadanın döyüş maşınlarına, personal daşıyıcılarına və PUA-lara aiddir. Əsasən müharibədə istifadə olunan PUA-ların İrandan idxal olunduğunu nəzərə alsaq Rusiyanın daxili PUA istehsalının 16.5 dəfə artmasını düzgün hesab etmək olmaz. Yəni komplektləşdirilən hissələrin İrandan idxalı və PUA-ların Rusiyada yığılmasından söhbət gedə bilər. İdxal sahəsində hazırda əsas təşəbbüs Rusiyanın tərəfindədir. Ukraynanın yay əks hücum kampaniyası payızın sonuna qədər davam etsə də, ciddi nəticələr vermədi və Şimal qonşumuz Ukraynanı dayandırmağa nail oldu. Ukrayna hazırda müdafiə döyüşlərinə üstünlük verir. Demək olar ki, hücüm əməliyyatlarını həyata keçirmir".
Hərbi-ekspert onu da vurğulayıb ki, Rusiyanın isə hücümları qismən passiv və ya nəticəsiz xarakter daşıyır:
"Kiçik bir neçə yaşayış məntəqəsi xaric Rusiya dövlətinin son 3 ayda əldə etdiyi böyük nəticələr yoxdur. Amma Rusiyanın raket zərbələrinin sayı əvvəlkilərlə müqayisədə daha da intensivləşib. Bunların əksəriyyəti də mülki infrastrukturu hədəf alan zərbələr hesab edilir. Ukraynanın hava hücumundan müdafiə raketləri daha dəqiq və sərrast fəaliyyət göstərsə də, ümumilikdə artilleriya sursatlarında ciddi qıtlıqla rastlaşıb. Müharibənin uzun müddət davam etməsi Qərbin Ukraynaya tədarük edəcəyi müdafiə sanayesi məhsullarının miqyasından asılı olacaq. İstənilən halda gələn il müharibənin mövcud şərtlər altında davam etməsi də gözləniləndir. Bu isə silah-sursat bazarında daha böyük qıtlığa gətirib çıxaracaq. Eyni zamanda müdafiə sanayesi məhsullarının qiymətində artım müşahidə olunacaq".