ABŞ İsrailə dəstək üçün Aralıq dənizinə göndərdiyi döyüş gəmilərini geri çəkməyə qərar verib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən Aralıq dənizinə istiqamətləndirilən "USS Gerald R. Ford" yaxın günlərdə bölgəni tərk edərək, Virciniyadakı bazasına qayıdacaq.
Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Aytən Qurbanova bildirib ki, İsrailə verilən dəstəklə bağlı rəsmi Vaşinqtona qarşı çıxışlar həm daxili, həm də xarici auditoriyalarda artmaqdadır:
" Eyni zamanda, İsrailin terrorla mübarizə adı altında fələstinlilərə qarşı sərhədsiz güc istifadəsi artıq onunla strateji tərəfdaşları arasındakı fikir ayrılılıqlarını daha da dərinləşdirir. Xüsusilə son günlərdə qarşılıqlı olaraq verilən bəyanatlar bir daha onu sübut edir ki, ABŞ-İsrail münasibətlərində gərginliklər müşahidə olunmaqdadır. Xüsusilə də, Qəzza bölgəsinin sakinlərinin “könüllü köçü” məsələsi Netanyahu hökümətinin ən çox tənqid olunduğu istiqamətlərdən birinə çevrilib. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda proseslər ABŞ başda olmaqla Qərb blokunun indiki məqamda atəşkədə maraqlı olmasını daha çox aktuallaşdırır. Ona görə də, ABŞ Müdafiə Nazirliyinin İsrailə dəstək məqsədilə Aralıq dənizinə istiqamətləndirilən gəmilərin yaxın günlərdə öz bazasına geri qayıdacağı ilə bağlı bəyanatı Netanyahu hökumətinə bu istiqamətdə verilmiş önəmli mesaj olaraq dəyərləndirilə bilər".